Qida məhsullarının çatdırılması ilə bağlı mövcud vəziyyət və qarşıya qoyulan vəzifələrə dair müzakirələr aparılıb
29 Avqust 2023 09:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Tədbir qida məhsullarının daşınması və çatdırılması sahəsindəki vəziyyətin, o cümlədən mövcud çatışmazlıqların bir daha nəzərdən keçirilməsi, aşkarlanan nöqsanların aradan qaldırılması, eyni zamanda bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığın daha da genişləndirilməsi, onların mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılması, işlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərilməsi, həmçinin təkliflərinin dinlənilməsi və müvafiq işlərin həyata keçirilməsinin təmin olunması məqsədilə keçirilib.
Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva qida təhlükəsizliyinin təmin olunması, o cümlədən qida məhsullarının daşınması və çatdırılması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Z.Mustafayeva bildirib ki, son illər ölkəmizdə qida məhsullarının daşınması və çatdırılması xidmətləri sürətlə inkişaf edir və bu fəaliyyət getdikcə daha da genişlənir. Bu sahə ilə bağlı müvafiq məsələlər 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda da öz əksini tapıb. Belə ki, bu qanun qida zəncirinin bütün mərhələləri üzrə müvafiq tələbləri müəyyən edir və həyata keçirilməli olan işləri tənzimləyir. Həmçinin qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir. Sədr müavini çıxışı zamanı qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarların işlərini qanunvericiliyə uyğun olaraq, mövcud tələblər çərçivəsində qurmasının vacibliyini də önə çəkib.
Tədbirdə çıxış edən AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov qida məhsullarının daşınması və çatdırılmasına dair tələblər, eləcə də bu sahədə həyata keçirilən nəzarət tədbirləri və aşkarlanan nöqsanlar barədə geniş məlumat verib. E.Mikayılov vurğulayıb ki, qanunvericiliyə əsasən, qida məhsullarının daşınması və çatdırılması zamanı sanitariya norma və qaydalarına, mal qonşuluğu prinsipinə və temperatur rejiminə əməl olunmalı, qablaşdırmada istifadə edilən materiallar normalara uyğun olmalı, termoboksların sanitar vəziyyəti qənaətbəxş olmalı və digər tələblər yerinə yetirilməlidir. Qida məhsullarının daşınması onların təhlükəsizliyini təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə, qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun həyata keçirilməlidir. Qida məhsulları xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulmuş gigiyenik və temperatur tələblərini təmin edən nəqliyyat vasitələrində, konteynerlərdə və xüsusi çantalarda daşınmalıdır. Belə ki, tez xarab olan məhsulların soyuq qida zəncirinə, isti məhsulların isə isti rejimə uyğun çatdırılması təmin edilməlidir. Həmçinin eyni nəqliyyat vasitəsində daşınan tez xarab olan qidalar bir-biri ilə uyğun olmalı, yəni qoxusu və xüsusiyyətinə görə bir məhsul digərinə mənfi təsir göstərməməlidir. Eyni zamanda qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olan qida subyektləri və ya onların əməkdaşlıq etdiyi daşınma xidmətləri qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır. Təəssüf ki, aparılan nəzarət tədbirləri zamanı bəzən bu sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən müvafiq tələblərin yerinə yetirilmədiyi aşkarlanır. E.Mikayılov bəzi şirkətlər tərəfindən qida məhsullarının daşınması və çatdırılması zamanı yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda Aparat rəhbəri yaxın günlərdə çatdırılma xidməti göstərən əməkdaşlar üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “qida təhlükəsizliyi tələbləri”nə dair təlimlərin təşkil ediləcəyini bildirib.
Görüşün sonunda Bolt Food, Uber, İndi market, Ozio, Ibox, Bazarstore, Bravo, Rahat və Umico şirkətlərini təmsil edən sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub. Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub. Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ADA Universiteti və Bolonya Universitetinin birgə təşkil etdiyi “Next-Gen Microbial Fermentation: Advancing Sustainable Agriculture and Healthy Food” (“Yeni nəsil mikrobial fermentasiya: Dayanıqlı kənd təsərrüfatı və sağlam qidanın inkişafı”) adlı beynəlxalq sertifikat proqramında iştirak ediblər. Bakıda nəzəri, daha sonra onlayn və İtaliyada praktiki mərhələlər olmaqla üç moduldan ibarət proqramda AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev, Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri Vəfa Rüstəmova və Lənkəran-Astara regional bölməsinin rəisi İrfan İsgəndərov iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar Bolonya Universitetinin laboratoriya və istixanalarında kənd təsərrüfatı mikrobiologiyası üzrə tədqiqatlarla tanış olub, üzvi və üzvi-mineral gübrələrin istehsalı proseslərini izləyiblər. Proqram çərçivəsində müvafiq qurum və müəssisələrin nümayəndələri ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Təlim bitki sağlamlığı sahəsində müasir bioloji yanaşmaların və beynəlxalq təcrübənin öyrənilməsi, əldə olunan biliklərin AQTA-nın müvafiq tənzimləmə və nəzarət fəaliyyətlərində tətbiqi baxımından əhəmiyyətli olub. Proqramı uğurla başa vuran iştirakçılara hər iki universitetin sertifikatları təqdim edilib.
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir. Namizədə dair tələblər: • Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə); • Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı; • Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər; • Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: • Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq; • Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq; • Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək; • Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək; • Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; • Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək. Əlavə məlumatlar: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 02.11.2026
Giriş