Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
9 Aprel 2024 09:58

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim İnstitutun mütəxəssisləri tərəfindən qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün təşkil edilib. Ödənişsiz keçirilən təlimdə iştirakçılar qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələrə, onların materialına və ləvazimatlara dair tələblər barədə ətraflı məlumatlandırılıb. Həmçinin təlimə qatılan şirkət əməkdaşlarına qida məhsullarının çirklənmə növləri və mənbələri, şəxsi sağlamlıq, gigiyena, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumat verilib.
Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan şirkətlər əməkdaşlarına fəaliyyətləri ilə bağlı müvafiq təlimlər keçməli, onların müvafiq fəaliyyət sahəsi üzrə təhsil almalarını və zəruri məlumatlara yiyələnmələrini təmin etməlidir. Bu iş şirkət daxilində və ya digər yerlərdə təşkil oluna bilər. Qida mənşəli xəstəliklərin qarşısını almaq və qida təhlükəsizliyi risklərini minimuma endirmək üçün çirklənmənin qarşısının alınması, temperatur rejimlərinin tənzimlənməsi, şəxsi sağlamlıq, gigiyena və digər məsələlər müvafiq təhsil və təlim proqramlarında yer almalıdır.
Oxşar xəbərlər

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 1-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qoşqar Təhməzli Ağsuda vətəndaşları qəbul edib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-i Ağsuda Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Göygöldə "Dost" kafesində normativ tələblərin pozulduğu müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Balçılı kəndində fəaliyyət göstərən “Dost” kafesində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativ tələblərə cavab vermədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu və etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Emal sahəsində ayrıca yuma çanaqlarının təşkil edilmədiyi, havalandırma sisteminin təchiz edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin dönər hazırlanma sahəsində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
