Qida məhsullarının etiketlənməsi ilə bağlı yeni tələblər müəyyənləşib
12 Mart 2022 12:40
Qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar “Qida təhlükəsizliyi haqqında” qanunda yer alıb. İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.
Qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
Eyni zamanda qanunun qəbulu ilə qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.
Oxşar xəbərlər

Göygöldə "Dost" kafesində normativ tələblərin pozulduğu müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Balçılı kəndində fəaliyyət göstərən “Dost” kafesində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativ tələblərə cavab vermədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu və etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Emal sahəsində ayrıca yuma çanaqlarının təşkil edilmədiyi, havalandırma sisteminin təchiz edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin dönər hazırlanma sahəsində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq olunub və icrası məcburi göstərişlər verilib.

Masallıda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Masallı rayonu, Binə Xocavar-Təzə Alvadı yolunda fəaliyyət göstərən, fiziki şəxs Əliyeva Nuranə İmran qızına məxsus “Qartal” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, restoranda mətbəxin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Biləsuvarda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, Nağıyev Samir Nizami oğluna məxsus topdansatış anbarında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 32 ədəd 0.5 litrlik və 18 ədəd 1 litrlik “Belaruska” əmtəə nişanlı, 140 ədəd 1.75 litrlik “Bio Luks” əmtəə nişanlı, 80 ədəd 0.5 litrlik “Belaya Rus” əmtəə nişanlı saxta alkoqollu içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.