Qida məhsullarının etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı təhlükəsizliyinin əsas təminatçısıdır
4 Avqust 2025 14:37
Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Hazırda dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir. Qida allergiyası tərkibində allergenlər olan məhsulların istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır və bu reaksiya, adətən, immunoqlobulin E (IgE) anticisimlərin iştirakı ilə müşahidə olunur.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə – onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə, tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı bu məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başa düşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır.
Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu halda aşağıdakı allergenlər etiketdə mütləq göstərilməlidir:
• Qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf və onların hibrid növləri);
• Xərçəngkimilər;
• Mollyusklar;
• Yumurta;
• Balıq;
• Yer fındığı;
• Soya;
• Süd və süd məhsulları (laktoza daxil olmaqla);
• Qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, Braziliya qozu, fıstıq, makadamiya);
• Kərəviz;
• Xardal;
• Küncüt;
• Kükürd dioksid və sulfitlər;
• Acıpaxla.
Həmçinin bu maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin olunması məqsədilə nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş