Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri nə üçün aparılır?
3 İyul 2023 16:24
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanması, emalı, axtarışı, təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılır. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması Qaydası”nda bildirilir. Sənəddə qeyd olunur ki, reyestrdə olan məlumatlar istifadəçilər üçün açıqdır, ondan istifadə və məlumatların əldə edilməsi ödənişsizdir. Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Reyestrin formalaşdırılmasına, aparılmasına və arxivləşdirilməsinə dair bu Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.
Reyestr Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə aparılır, onun texniki texnoloji infrastrukturuna uyğun şəkildə formalaşır və aşağıdakı modullardan ibarətdir:
- “məlumatların daxil edilməsi” modulu;
- “məlumatlara baxış” modulu;
- “hesabatlar” modulu.
Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:
- “məlumatların daxil edilməsi” modulu vasitəsilə bu Qaydanın 4.3-cü bəndində qeyd olunan məlumatların daxil edilməsi;
- “məlumatlara baxış” modulu vasitəsilə Reyestrdə toplanılmış məlumatların axtarışı və məlumatlara baxılması;
- “hesabatlar modulu” vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.
Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
- qida məhsulunun xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodu;
- qida məhsulunun adı;
- qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) zərərin təsvirinə və sübutuna dair məlumat;
- qida təhlükəsizliyi göstəricisi;
- qida təhlükəsizliyi göstəricisinin qida məhsulunu təhlükəli edən həddi;
- qadağan olunmuş inqrediyentin adı;
- istinad edilən texniki normativ hüquqi aktların rekvizitləri;
- təhlükəli qida məhsulları barədə məlumat.
Reyestrə daxil edilən məlumatlar istinad üçün rəsmi mənbə hesab olunur. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir. Nəzərdə tutulmuş qida məhsullarının təhlükəli halları barədə məlumatlar elmi sübutlar və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar əsasında sahib tərəfindən Reyestrə daxil edilir və daim yenilənir. Əldə edilən yeni məlumatlar (qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) dərhal sahib tərəfindən Reyestrə daxil edilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin və Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görür. Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür. Reyestrin texniki parametrlərində istifadəçilər tərəfindən Reyestrin fəaliyyəti ilə bağlı sahibə təkliflər verilməsi imkanı nəzərdə tutulur.
Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya əldə etməyə dair sorğular “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq icra edilir. Reyestrdə müxtəlif meyarlar əsasında axtarış aparılması və məlumatların əldə edilməsi üçün qeydiyyatdan keçmək tələb olunmur. Reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə həyata keçirildikdə, sahib qeyd edilən əməllərə yol verən istifadəçinin informasiya sisteminə girişini məhdudlaşdırır.
Qeyd edək ki, “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması Qaydası” “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrinin aparılması qaydasını müəyyən edir. Reyestr qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması hallarına şamil edilmir.
Oxşar xəbərlər
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
“Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.
Giriş