Qida sahəsində daha üç sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib
4 Noyabr 2024 16:49
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı və Agentliyin Kollegiyasının qərarı ilə təsdiq olunan “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”, “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” və “Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi akt layihələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
“Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin Qaydalara 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib. Bu sənəd dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyənləşdirir. Qaydalara görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir.
“Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nda heyvan bazarlarının quruluşuna və yerləşməsinə, bu tip bazarlarda dövlət baytarlıq nəzarətinin həyata keçirilməsinə və işçilərin fərdi sanitariya normaları və qaydalarına dair tələblər əksini tapıb. Sənəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə heyvanların ticarəti həyata keçirilən heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyən edir. Bu Qaydalar heyvan bazarlarında heyvanların pərakəndə və topdan satışı, qəbulu və müvəqqəti saxlanması ilə bağlı fəaliyyətə şamil olunur.
“Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları”nda məntəqələrin quruluşuna və yerləşməsinə, məntəqələrdə ləvazimatlara (alət və avadanlıqlara), məntəqələrə südün daşınması, qəbulu, saxlanması və topdan satışına, məntəqələrdə və südün nəqliyyat vasitəsinə yüklənməsində iştirak edən işçilərin fərdi sanitariya normaları və qaydalarına dair tələblər və südün saxlanmasına dair temperatur tələbləri əks edilib. Sənəd istehlakçıların qanunvericiliyə uyğun olaraq minimum keyfiyyət tələblərinə cavab verən və təhlükəsiz süd və süd məhsulları ilə təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyənləşdirir. Bu Qaydalar məntəqələr tərəfindən südün daşınması, qəbulu, saxlanması və topdan satışı ilə bağlı fəaliyyətə şamil olunur. Süd toplama məntəqələrinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti isə AQTA tərəfindən həyata keçirilir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş