Qida sahəsində subyektlərin qeydiyyatı üçün optimal şərait yaradılıb
22 Fevral 2023 12:50
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası və sahibkarlığa dövlət dəstəyinin artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü əsasında “Dövlət rüsumu haqqında” Qanunun müvafiq maddələrində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, obyektlərin və subyektlərin qeydiyyatı, qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin, habelə bələdiyyə və dövlət orqanlarının (qurumlarının) cavabdeh olduqları müəssisələrin təsdiqi, eləcə də reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumları ləğv edilib. Beləliklə, mikro və kiçik sahibkarlıq subyektləri, dövlət və bələdiyyə qurumları qida obyektlərinin təsdiqi ilə bağlı 150 manat dövlət rüsumunun ödənilməsindən azad edilib.
Qeyd edək ki, biznes subyektlərinin fəaliyyətinin optimallaşdırılması, şəffaflığın təmini, xidmətlərin rahat və əlçatanlığı üçün qeydiyyat, idxal-ixrac prosesi, laborator və digər xidmətlər AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi üzərindən elektron şəkildə həyata keçirilir. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericilik çərçivəsində fəaliyyətlərini qurmalarını və gələcək inkişafını təmin etməklə yanaşı, bu sahədə dövlət nəzarətinin də səmərəli təşkilinə imkan yaradacaqdır.
AQTA bir daha bəyan edir ki, sahibkarlıq subyektlərinə dövlət tərəfindən bundan sonra hərtərəfli dəstək və onların fəaliyyətlərini təkmilləşdirmələri üçün metodiki köməklik göstəriləcək. Hesab edirik ki, bu sahədə həyata keçirilən islahatlar Azərbaycanın qida sənayesinin inkişafına mühüm töhfəsini verəcək, istehlakçıların yüksək keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına köməklik göstərəcəkdir.
Oxşar xəbərlər

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Sabirabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən Bayramov İlqar Musa oğluna məxsus ”Dərələyəz” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.