Qida subyektlərinin sağlamlaşdırılması işləri davam etdirilir
19 Avqust 2024 17:40

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsinə, həmçinin əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək məqsədilə tədbirləri davam etdirir.
Bu tədbirlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində (Motodrom 156) fəaliyyət göstərən qablaşdırılmış içməli su emalı müəssisəsi də sağlamlaşdırılan obyektlərin sırasına daxil edilib. Belə ki, Agentliyin müfəttişləri tərəfindən həmin müəssisədə daha əvvəl planlı yoxlama həyata keçirilib. Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülüb. Habelə pozuntuların aradan qaldırılması istiqamətində sahibkarlıq subyektinə dəstək göstərilib, maarifləndirmə işləri aparılıb, məcburi tələblərin pozulmasının qarşısının alınması ilə bağlı peşəkar metodiki tövsiyələr verilib.
Daha sonra sözügedən müəssisəyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxış keçirilib. Baxış zamanı pozuntuların tam aradan qaldırıldığı müşahidə edilib. Görülmüş sağlamlaşdırıcı tədbirlər nəticəsində həmin müəssisənin fəaliyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi müəyyənləşib. Bununla da içməli su emalı müəssisəsinin fəaliyyəti ilə bağlı qəbul olunan məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qüvvədən düşüb.
Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin olunması və müəssisələrin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
