Qida Təhlükəsizliyi Agentliyinin ət və ət məhsulları ilə bağlı sahibkarlara müraciəti
6 İyun 2018 11:23
Dəyərli iş adamları!
Bu gün yeni iqtisadi şəraitdə müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə hazırlanmış Strateji Yol Xəritəsi, dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar, ölkəmizin nəhəng regional layihələrin həyata keçirilməsində artan rolu və qlobal miqyaslı təşəbbüsləri dayanıqlı inkişafı təmin etməklə qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının yüksəlişinə, sahibkarlığın inkişafına şərait yaratmaqdadır.
Həyata keçirilən islahatların tərkib hissəsi kimi “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlanmış və bu məqsədlə, ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasında məqsəd, ölkəmizdə qida təhlükəsizliyinə nəzarət sahəsində dövlət idarəçiliyinin təkminləşdirilməsi və bu sahədə çalışan müxtəlif qurumların fəaliyyətindəki paralelliyin aradan qaldırılması, effektiv tənzimləmə sisteminin qurulmasıdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Eyni zamanda nəzərə almaq lazımdır ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Ona görə də, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var.
Hesab edirik ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlarlıq subyektlərinin sahənin inkişafına öz tohfələrini verməsinin əsl vaxtıdır.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcəkdir.
Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. Ona görə də yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər birinizi müasir, günün tələblərinə cavab verən sahibkarlıq fəaliyyətinə dəvət edir, bu istiqamətdə tövsiyə xarakterli yardımların göstərilməsinə hazır olduğumuzu bildiririk.
Əziz sahibkarlar!
Unutmaq olmaz ki, insanların sağlam qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi şəraitində yaşaması sosial rifahı təşkil edən əsas amillərdən biridir.
Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş