“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib
4 Mart 2022 17:30
4 mart 2022-ci il tarixində Milli Məclisdə keçirilən iclasda “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihənin müzakirəsi zamanı bildirilib ki, sənəd hazırlanarkən mövcud hüquqi baza və bu sahədə beynəlxalq təcrübə öyrənilib, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sazişlər, qabaqcıl ölkələrin qanunvericilik aktları əsas götürülüb.
Qanun layihəsinin hazırlanmasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər, o cümlədən Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankının təcrübəli mütəxəssisləri yaxından iştirak ediblər.
9 fəsil və 40 maddədən ibarət olan sənəd qida təhlükəsizliyi sisteminin təmin edilməsi sahəsində bir çox yeniliklərin hüquqi bazasının formalaşdırılmasını ehtiva edir, eyni zamanda ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçı hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Qanun layihəsinin qəbulu qida təhlükəsizliyinə daha effektiv nəzarət sisteminin qurulması və əhalinin təhlükəsiz qida ilə təmin edilməsi, qida və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün daha təkmil inzibati prosedurların müəyyən edilməsi, istehsal sahələrində məhsuldarlığın artırılması kimi ölkə əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verəcəkdir.
Qida təhlükəsizliyi sisteminin daha təkmil formalaşdırılmasını nəzərdə tutan qanun layihəsində konkret prioritetlər və tədbirlər müəyyənləşdirilib, o cümlədən adıçəkilən sahədə dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər yer alıb. Həmçinin qida təhlükəsizliyi sahəsinə yeni yanaşmanı ehtiva edən sənəd bu sahəyə dair bütün tələbləri, o cümlədən qida və yem məhsulları, xüsusi təyinatlı qida məhsulları və bioloji aktiv qida maddələri, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər məqamlara dair tələbləri əks etdirir. Bundan əlavə, layihədə yer alan müddəalar sırasında qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, eləcə də qida subyektlərinin hüquq və vəzifələri və s. kimi mühüm istiqamətlər daxildir.
Səsə qoyulan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş