“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib
14 Fevral 2019 03:16
Bu gün, 14 fevral tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qida təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən təklif edilən “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda, müzakirələrdə səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır.
Azərbaycanda regional və beynəlxalq səviyyədə kənd təsərrüfatı –qida məhsulları ticarətinin inkişafı ölkə Prezidenti tərəfindən 5 dekabr 2016-cı il tarixlərində qəbul edilmiş Milli İqtisadi İslahatlara dair Yol xəritəsinin əsasını təşkil edir. Azərbaycan qida məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi vacib şərtlərdəndir. Bu baxımdan “Qida Təhlükəsizliyi haqqında” Qanunu islahatlar istiqamətində böyük bir addım kimi qiymətləndirmək olar. Azərbaycanın qida təhlükəsizliyi sistemini qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdıracaq və Aİ –nin ərzaq qanunvericiliyində göstərilən bütün əsas prinsipləri özündə əks etdirən yeni qanun qida sektorunda rəqabət qabiliyyətinin gücləndirilməsinə və qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə öz töhvəsini verəcəkdir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi Simona Qatti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı ilə açılan dəyirmi masada 2017-ci ildən etibarən qanun layihəsinin hazırlanmasında iştirak edən AQTA və Aİ mütəxəssislərinin qida təhlükəsizliyi ilə bağlı təqdimatları dinlənilib.
Q.Təhməzli çıxışında ölkə rəhbəri tərəfindən Agentliyin qarşısında qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflər və onların icrası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Agentliyin qarşısında qoyulmuş uzunmüddətli hədəflərə, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal olunan qida məhsullarının inkişaf etmiş bazarlara ixracının asanlaşdırılması məqsədilə qeydiyyat, sertifikatlaşdırma və nəzarət tədbirlərinin qarşılıqlı tanınmasına nail olunması, bu məqsədlə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, informasiya texnologiyalarının son nailiyyətlərindən və innovativ həllərdən istifadə etməklə qida zənciri boyu risk əsaslı nəzarət sisteminin qurulması, istehlakçıların hüquqlarının qorunması və sahibkarların mənafelərini qorumaqla qida təhlükəsizliyinin təmin edilməsi kimi hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqamı” layihəsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmış və aidiyyəti qurumlara təqdim edilmişdir. AQTA sədri Dövlət Proqramının və Qanunun layihəsinin hazırlanmasında Agentliyin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər və sahibkarların təmsilçilərin də iştirak etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün çox mühüm əhəmiyyət kəsb edir. “Bu gün kənd təsərrüfatı, qida məhsullarının istehsalı və satışı Azərbaycanda qeyri-neft sektorunun ən əsas sahələrindədir. Burada yaranmış münasibətlərin qanunvericilik səviyyəsində tənzimlənməsi sözsüz ki, münasibət iştirakçılarının da xeyrinə olacaqdır.” Daha sonra Məmməd Musayev, dəyirmi masanın əhəmiyyətinə toxunaraq, sahibkarları qanun layihəsinin müzakirəsində aktiv olmağa səsləyib.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi xanım Simona Qatti “Qida təhlükəsizliyi haqqında” Qanunun Azəbaycanda qida təhlükəsizliyi ilə bağlı aparılan islahatlar baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı və qeyd etdi ki, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, eyni zamanda Avropa qanunvericiliyi ilə uyğunluğun təmin edilməsi Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsinə, habelə Azərbaycanla Avropa Birliyi arasında qida və kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir. Xanım Qatti, həmçinin, bildirdi ki, hazırda Azərbaycanla Avropa Birliyi arasında yeni müqavilə üzrə aparılan danışıqlarda ticarət, xüsusilə sanitariya və fitosanitariya məsələləri dominant rol oynayır. Sonda xanım Qatti xatırladıb ki, Azərbaycanla Avropa Birliyi arasında qida təhlükəsizliyi, o cümlədən heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlıq 10 ildən artıqdır ki, mövcuddur və Avropa Birliyi bu tematik sahədə Azərbaycanla əməkdaşlığını davam etdirməyəkdən məmnundur.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların, habelə istehlakçı assosiasiyalarının iştirak etdiyi tədbirdə qanun layihəsi ilə bağlı müxtəlif rəy və fikirlər səsləndirildi. Müzakirə olunan bir sıra məsələlərin AQTA mütəxəssisləri tərəfindən yenidən nəzərdən keçirilməsi məqsədəuyğun hesab edildi.
Qeyd edək ki, aparılan müzakirələrin proqramı Avropa İttifaqının "Qida və qida təhlükəsizliyi sahəsində rəsmi nəzarətin həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin institusional bacarıqlarının gücləndirilməsi" layihəsinin texniki dəstəyi ilə işlənib hazırlanmışdır. Bu layihə Azərbaycanla Avropa İttifaqı arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya siyasəti sahəsində 10 ildən artıq davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Tərəflər müvafiq qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində səylərin artırılmasının, eyni zamanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi ilə bağlı birgə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Anlaşma memorandumunda qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyinə dair qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirilməsi istiqamətində birgə tədbirlərin təşkili, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş