“Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının zənginləşdirilməsi mexanizmləri öz əksini tapıb
1 Mart 2022 16:53
Qida məhsullarının zənginləşdirilməsi, onların qida dəyərinin yüksəldilməsi üçün məhsullara müəyyən xüsusiyyətlərin verilməsi, bir və ya daha artıq inqrediyentin və digər maddələrin əlavə olunması prosesidir.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, zənginləşdirilmiş qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.
Müasir dövrdə insanların mikronutriyentlərə tələbatı daha çoxdur. Orqanizm bu maddələri ehtiyat şəklində toplaya bilmədiyi üçün qida ilə mütəmadi olaraq qəbul edilməlidir. Elmi araşdırmalar göstərir ki, insanlarda xüsusilə C, B1, B2, B3, B6, B9 və D vitaminlərinin çatışmazlığı ilə yanaşı, dəmir defisiti də çox müşahidə edilir. Qeyd edək ki, dünyada ən çox müşahidə olunan anemiya forması da məhz dəmir defisitli anemiyasıdır. Dəmir defisitli anemiyadan qadınlar, uşaqlar, yeniyetmələr daha çox əziyyət çəkirlər.
İnsan sağlamlığının təmin olunmasında gündəlik istehlak edilən qida məhsullarının zəruri komponentlərlə zənginləşdirilməsi səmərəli çıxış yolu sayılır. Qidaların tərkibinin yaxşılaşdırılması üçün әsasən vitamin vә minerallardan istifadə olunur. Zәnginlәşdirilәn qida məhsullarına әsasәn duz, buğda vә qarğıdalı unu, şәkәr, bitki yağları, düyünü və s. misal göstərmək olar.
Ən çox zənginləşdirilən qida məhsulları arasında buğda unu xüsusilə seçilir. Unun zənginləşdirilməsi, yəni mikronutriyentlərin kiçik miqdarının una əlavə olunması zəruri qida maddələri çatışmazlığının aradan qaldırılmasında düzgün yanaşma üsulu hesab olunur. Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentlәrin bərpa olunmasını təmin edir. Zәnginlәşdirilmiş unun istifadәsi orqanizmә mәnfi tәsir göstәrmir. İnsanın gündəlik qəbul etdiyi qidaların arasında un məmulatlarının xüsusi yer tutması onun keyfiyyətinin, qidalılıq dəyərinin və çeşidlərinin artırılmasını tələb edir. Un məmulatlarının keyfiyyəti və istehlak xüsusiyyəti onların bişirilməsindən asılı olaraq dəyişir. Qida sənayesində xəmirdən hazırlanan məmulatların keyfiyyətinin yüksəldilməsi zamanı istifadə olunan oksidləşdiricilərin, fermentativ preparatların və səthi-aktiv maddələrin tətbiqi xüsusilə nəzərə alınmalıdır. Tətbiq olunan yaxşılaşdırıcılar orqanizmə zərər yetirmədən hazır məhsulun keyfiyyətini yüksəltməli, eləcə də iqtisadi baxımdan əlverişli olmalıdır.
Qanuna əsasən qida məhsullarının zənginləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının elmi əsaslandırılmış təklifləri, bununla bağlı əhali arasında aparılmış tədqiqat və elmi təhlillərin nəticələri əsasında həyata keçiriləcək.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş