“Qida təhlükəsizliyi haqqında” Qanunun tətbiqinə həsr olunmuş tədbir keçirilib
18 Noyabr 2022 18:06




2022-ci il 18 noyabr tarixində AmCham FMCG (Gündəlik Tələbat Malları) və Hüquq və Komplayns komitələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birgə 2023-cü ilin yanvar ayından etibarən Azərbaycan Respublikasında “Qida təhlükəsizliyi haqqında” Qanunun tətbiqinə həsr olunmuş aylıq iclasını keçirib.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyini Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev və Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev təmsil ediblər.
Tədbiri giriş sözü ilə AmCham-ın icraçı direktoru Gülnarə Aslanbəyli açıb. Daha sonra FMCG Komitəsinin sədri Elşad Fərzəliyev görüşün gündəliyini açıqlayıb və qonaqları təqdim edib. Ramazan Nəbiyev “Qida təhlükəsizliyi haqqında” Qanun çərçivəsində sahibkarlıq subyektlərini gözləyən innovasiyalar və islahatlar” mövzusunda ətraflı çıxış edib.
Təqdimatdan sonra interaktiv sual-cavab sessiyası keçirilib və iştirakçıların bütün sualları Agentliyin nümayəndələri tərəfindən cavablandırılıb.
Sonda AmCham FMCG Komitəsinin sədri Elşad Fərzəliyev və Hüquq və Komplayns Komitəsinin sədri Kamil Vəliyev Agentliyin nümayəndə heyətinə və bütün tədbir iştirakçılarına dərin təşəkkürlərini bildiriblər. Tərəflər AmCham Azərbaycan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında bundan sonra da sıx tərəfdaşlığın davam etdirilməsi və birgə görüşlərin təşkili üçün qarşılıqlı razılığa gəliblər.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
