Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi necə həyata keçirilir?
14 İyul 2023 14:11

Qida zəncirinin hər bir mərhələsində fəaliyyət göstərən qida subyektləri öz izləmə sistemləri və prosedurlarına əsaslanaraq qəbul etdikləri məhsulların bütün təchizatçılarının və müvafiq qaydalar nəzərə alınmaqla məhsullarla təchiz etdiyi bütün subyektlərin müəyyənləşdirilməsi ilə bağlı məlumatları sənədləşdirməlidirlər. Qida subyektindən bazarda, pərakəndə ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və ya məhsulların son istehlakçıya ötürülməsini həyata keçirən digər obyektlərdə məhsulların təqdim olunduğu istehlakçılar (istifadəçilər) barədə məlumatların isə sənədləşdirilməsi tələb edilmir. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”nda bildirilir. Qaydaya əsasən, hər bir qida subyekti öz məhsulları ilə təchiz etdiyi subyektlərə məhsulları barədə tam və etibarlı identikləşdirilmə məlumatlarını təqdim etməlidir. Qida subyekti “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmamış və ya təsdiq edilməmiş təchizatçıdan məhsulları qəbul etməməli və həmin subyektləri məhsulları ilə təchiz etməməlidir. Məhsullarının izlənilməsi məqsədilə qida subyektləri tərəfindən aşağıdakılar təmin olunmalıdır:
- bu Qaydanın tələblərinə cavab verən izləmə sistemi və prosedurlarını formalaşdırıb tətbiq etmək, təkmilləşdirmək və onların davamlı fəaliyyətini təmin etmək;
- qəbul edilən məhsulların təchizatçısını və məhsulları ilə təchiz etdiyi subyektləri müəyyənləşdirmək;
- bu Qayda ilə müəyyən olunan məlumatları özündə ehtiva edən sənədləri tərtib etmək, həmin sənədləri məhsulların yararlılıq müddəti bitdikdən (qida məhsulları əldə olunan heyvanlara münasibətdə isə təchiz edildiyi və ya ötürüldüyü tarixdən) sonra 1 il müddətində saxlamaq;
- Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tələbi əsasında bu Qaydada nəzərdə tutulmuş sənədləri, habelə izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etmək;
- ildə bir dəfədən az olmamaqla, izləmə sisteminin və prosedurlarının işlək olmasını yoxlamaq və izlənilən məhsulları, habelə həmin məhsullarla bağlı müəyyən edilən təchizatçıları və təchiz etdiyi subyektləri qeyd etməklə yoxlama nəticələrini aktla sənədləşdirmək.
Eyni zamanda qida subyekti aşağıdakı izləmə məlumatlarını özündə ehtiva edən sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir:
- qəbul edilən və ya ötürülən məhsulun identikləşdirilmə məlumatları, miqdarı və ya həcmi və izlənilməsi üçün qida subyekti tərəfindən zəruri hesab edilən digər məlumatlar;
- qəbul edilən məhsulun təchizatçısının və ya məhsulla təchiz etdiyi subyektlərin qeydiyyatı və ya təsdiqi ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışının nömrəsi, adı, ünvanı və əlaqə vasitələri;
- qida və yem məhsullarının partiyasının ilkin istehsalı, istehsalı, emalı və qablaşdırılması zamanı istifadə olunan məhsulun müəssisə daxilində hərəkət ardıcıllığı ilə bağlı məlumat;
- məhsulun qəbulu və ya ötürülməsi tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
- qəbul edilən və ya ötürülən məhsul qida əldə edilən diri heyvan, heyvan əti və sub məhsulları olduqda, həmin heyvanın, o cümlədən məhsulların əldə olunduğu heyvanın identikləşdirilmə şəhadətnaməsi barədə məlumat;
- məhsulla bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş aşağıdakı müvafiq icazə sənədləri barədə məlumatlar:
- idxal sağlamlıq aktı;
- sağlamlıq sertifikatı;
- ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı;
- bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı;
- daxili karantin sertifikatı;
- ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənəd (baytarlıq şəhadətnaməsi, arayışı, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan).
İzləmə sistemləri və prosedurlarının texniki xarakteristikası və formatı bu Qayda ilə müəyyən edilmiş tələblər təmin olunmaqla qida subyekti tərəfindən müəyyən edilir. İzləmə sistemləri və prosedurları məhsulların qida zəncirinin müxtəlif mərhələlərində bir-biri ilə əlaqələndirilməsinə, onların hərəkət ardıcıllığının, həmçinin qəbul olunan və ya ötürülən hər bir məhsulun istənilən vaxtda faktiki yerinin müəyyən edilməsinə imkan verməlidir. İzləmə prosedurunda ən azı aşağıdakı məlumatlar əhatə olunmalıdır:
- izləmə prosedurunun təsviri;
- sənədləşdirilməli olan izləmə məlumatları;
- izləmə sənədlərinin tərtib olunacağı daşıyıcının növü ((kağız və (və ya) elektron);
- məhsulun qəbulundan ötürülməsinə qədər hər bir mərhələ üzrə görülməli olan tədbirlər;
- izləmə ilə bağlı tədbirlərin görülməsinə cavabdeh olan şəxslər;
- partiya nömrəsinin formalaşdırılması barədə məlumatlar.
İzləmə sənədləri sistemləşdirilmiş formada tərtib olunmalı, axtarılan məlumatların dərhal və asanlıqla əldə edilməsi imkanı yaranmalı və kənar müdaxilələrdən mühafizə olunmalıdır. Qida subyektləri izləmə sistemində texnoloji həllərdən istifadə edə bilərlər. Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan məhsulların asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər. Qida və yem məhsullarının asanlıqla izlənilməsini təmin etmək məqsədilə onların etiketlənməsində identikləşdirilmə məlumatlarının yerləşdirilməsi “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq həyata keçirilməlidir.
Oxşar xəbərlər

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.