Qida təhlükəsizliyi sahəsində risklərin idarə edilməsi üzrə qaydalar hansılardır?
22 İyun 2023 14:38
“Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi Qaydası” “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb. Bu Qayda insanların və heyvanların həyat və sağlamlığının qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı məsələləri tənzimləyir. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “”Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarı”nda bildirilir.
Sənədə əsasən, müvəqqəti tədbirlər həyat və sağlamlığa ehtimal olunan təhlükənin qarşısının alınması üçün ölkədə mövcud tədbirlərin yetərli olmadığı və sanitar mühafizənin zəruri səviyyəsinin təmin edilməsinin mümkün olmadığı hallarda daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatların əldə edilməsinədək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq olunan və müvəqqəti xarakter daşıyan qabaqlayıcı tədbirlərdir. Bu tədbirlərin tətbiqinə əsas olmuş elmi qeyri-müəyyənliyin vaxtında aradan qaldırılması məqsədilə əlavə elmi məlumatların əldə edilməsi və bu məlumatlar əsasında risk qiymətləndirilməsinin aparılması “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq həyata keçirilən risklərin təhlili çərçivəsində təmin edilir. Müvəqqəti tədbirlər risklərin səviyyəsinə mütənasib olmalı, həyat və sağlamlığın qorunması məqsədilə zəruri olduğundan daha artıq həcmdə ticarət fəaliyyətini məhdudlaşdırmamalıdır. Həmin tədbirlərin tətbiqi nəzərdən keçirilərkən həyat və sağlamlığın iqtisadi maraqlardan üstün olması nəzərə alınmalı, texniki, iqtisadi imkanlar və amillər, habelə zəruri olan digər aidiyyəti hallar təhlil edilməlidir.
Sənəddə qeyd olunur ki, müvəqqəti tədbirlərin tətbiqi aşağıdakı mərhələlərdən ibarətdir:
- qida və yem məhsullarının həyat və sağlamlığa mənfi təsiri ilə bağlı dövlət nəzarəti və tənzimlənməsi zamanı məlumat əldə edildikdə, o cümlədən beynəlxalq təşkilatlardan, xarici dövlətlərdən, hüquqi və fiziki şəxslərdən, dövlət orqanlarından (qurumlarından) və yerli özünüidarəetmə orqanlarından rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada və ya media subyektləri tərəfindən məlumatlar dərc edildikdə və ya yayıldıqda bununla bağlı mövcud məlumatların təhlili;
- Agentlik tərəfindən müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarın qəbul edilməsi;
- müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarın icrasının təmin olunması;
- müvəqqəti tədbirlərin tətbiqi və nəticəsi barədə bu Qaydaya uyğun olaraq məlumatın verilməsi.
Agentlik tərəfindən tətbiq edilən müvəqqəti tədbirlər isə aşağıdakılardır:
- qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan olunması;
- qida təhlükəsizliyi sahəsində əlavə tələblərin müəyyən edilməsi;
- qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi.
Müvəqqəti tədbirlərin tətbiq olunması zamanı aşağıdakılar nəzərə alınmalıdır:
- həyat və sağlamlığa təhlükə ehtimalı;
- mövcud təhlükə ilə bağlı risk qiymətləndirilməsinin nəticələri;
- elmi sübutların qeyri-müəyyənliyi;
- iqtisadi tənzimləməyə təsiri;
- mövcud sanitar mühafizə tədbirlərinin təhlükədən qorunmasının təmin edilməsi səviyyəsi;
- müvəqqəti tədbirlərlə yanaşı, təhlükənin qarşısının alınması üçün mövcud olan dövlət nəzarəti tədbirləri;
- tətbiq olunacaq müvəqqəti tədbirlərin mövcud təhlükəyə mütənasibliyi;
- analoji təhlükə ilə bağlı daha əvvəl tətbiq edilmiş tədbirlər;
- son elmi məlumatlar;
- müvəqqəti tədbirlərin tətbiq olunmaması hallarının mümkün nəticələri.
Müvəqqəti tədbirlər “Qida təhlükəsizliyi haqqında” və “İnzibati icraat haqqında” qanunlara uyğun olaraq, Agentlik tərəfindən qəbul edilən qərar əsasında tətbiq edilir. Bu qərar Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir, həmçinin bu barədə aidiyyəti dövlət qurumlarına və media subyektlərinə məlumat verilir.
Həyat və sağlamlığa müəyyən olunmuş riskin xarakterindən, habelə elmi qeyri-müəyyənliyin aradan qaldırılması və daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün zəruri olan elmi məlumatların növündən asılı olaraq müvəqqəti tədbirlər Agentliyin qərarı ilə 6 aydan çox olmayan müddətə tətbiq edilir. Tətbiq olunan tədbirlər ağlabatan müddət ərzində, lakin hər bir halda 6 ay müddətindən gec olmayaraq yenidən nəzərdən keçirilməlidir. Mövcud təhlükə ilə bağlı risk qiymətləndirilməsinin nəticələrini və elmi qeyri-müəyyənliyin davam etməsini nəzərə alaraq, müvəqqəti tədbirlərin qüvvədəolma müddəti Agentliyin əsaslandırılmış qərarı ilə 2 dəfədən və hər dəfə 4 aydan çox olmamaqla uzadıla bilər.
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Giriş