Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib
10 Sentyabr 2026 14:52
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Yeni Dövlət Proqramı əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsi, qida mənşəli xəstəlik və təhlükələrin azaldılması, istehlakçıların və sahibkarların məlumatlılığının artırılması, eləcə də Azərbaycanın qida məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlib.
Proqramda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə yeni normativ hüquqi aktların hazırlanması, sahibkarların yeni tələblər barədə məlumatlandırılması və qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik tələblərinin gücləndirilməsi nəzərdə tutulur.
Dövlət Proqramının əsas yeniliklərindən biri qida məhsullarının vahid izlənmə sisteminin yaradılmasıdır. "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sistemində (AQTİS) Vahid İzləmə Altsisteminin hazırlanması və qida zəncirində fəaliyyət göstərən subyektlərin bu sistemə qoşulması planlaşdırılır. Bununla məhsulun istehsaldan son istehlakçıya qədər hər mərhələdə izlənilməsi mümkün olacaq. Bu isə risk yarandıqda problemin mənbəyinin daha sürətli müəyyənləşdirilməsinə imkan verəcək. Pilot layihə qismində 50 qida subyektinin vahid izlənilməyə dair proqram təminatına qoşulması təmin ediləcək.
Heyvanların identifikasiyası istiqamətində də yeni mərhələyə keçid nəzərdə tutulur. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin əhatə dairəsi və funksionallığı genişləndiriləcək. Bu, heyvanların sağlamlıq vəziyyətinin daha effektiv izlənilməsinə, epizootiya əleyhinə tədbirlərin operativ həyata keçirilməsinə və heyvan mənşəli məhsulların izlənilməsinə imkan yaradacaq.
Qida təhlükəsizliyi üzrə sanitariya norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması davam etdiriləcək. Xüsusilə arıçılıq məhsullarına, o cümlədən bala dair beynəlxalq təcrübə əsasında yeni sanitariya norma və qaydalarının hazırlanması nəzərdə tutulur. Bu tədbirlər Azərbaycan balının və digər arıçılıq məhsullarının, eləcə də quşçuluq məhsullarının yeni xarici bazarlara çıxışına imkan yaradacaq. Bu məqsədlə yeni ixrac bazarları araşdırılacaq, həmin ölkələrin tələbləri öyrəniləcək və məhsulların ixracı üçün müvafiq icazələrin alınması istiqamətində işlər genişləndiriləcək.
İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin tətbiqinin sürətləndirilməsi də Dövlət Proqramının əsas hədəflərindəndir. Bu sistem qida təhlükəsizliyi ilə bağlı risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına imkan verir.
Proqram çərçivəsində qida təhlükəsizliyində müasir texnologiyalardan istifadənin genişləndirilməsi də planlaşdırılır. AQTİS-də risklərin təhlili üçün süni intellekt modelinin hazırlanması, həmçinin sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi nəzərdə tutulur.
Qida təhlükəsizliyi sahəsində laboratoriya imkanlarının artırılması da diqqətdə saxlanılır. Mövcud dövlət laboratoriyalarının təkmilləşdirilməsi, yeni analitik metodların tətbiqi və yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivariumun yaradılması nəzərdə tutulur.
Yeni Dövlət Proqramında istehlakçıların məlumatlandırılmasına da xüsusi önəm verilir. Allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi, sağlam qidalanma ilə bağlı maarifləndirmənin artırılması və qida təhlükəsizliyi üzrə məlumatlılığın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Ümumi təhsil müəssisələrində sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların artırılması da nəzərdə tutulur.
Beləliklə, 2027–2032-ci illər üçün Dövlət Proqramı qida təhlükəsizliyində daha müasir, rəqəmsal və risk əsaslı yanaşmanın tətbiqini sürətləndirəcək. Məhsulların izlənilməsi, heyvanların identifikasiyası, yeni sanitariya tələbləri, HACCP sisteminin genişləndirilməsi, süni intellekt və müasir laboratoriya imkanları qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsinə xidmət edəcək.
Proqramın icrasının əlaqələndirilməsi və nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək.
Oxşar xəbərlər
EPPO-nun Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib
Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib. Görüşdə pestisidlərin səmərəliliyinin qiymətləndirilməsində dronlardan, multispektral kameralardan və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə olunub. İclasda rəqəmsal texnologiyaların tətbiqinə dair materialların ekspert rəyləri əsasında təkmilləşdirilməsi və EPPO-nun müvafiq ekspert qruplarına təqdim olunması planlaşdırılıb.
ADA Universitetində Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et. Sabahı qidalandır” şüarı altında Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolu müzakirə olunub. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin aqrar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir kənd təsərrüfatının inkişafında elm, innovativ texnologiyalar və səmərəli idarəetmə mühüm rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun strateji inkişaf istiqamətlərini müəyyən edir. Proqramda rəqəmsallaşma, resurslardan səmərəli istifadə, iqlimə davamlı istehsal və innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyacın olduğunu vurğulayaraq ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin əhəmiyyətini qeyd edib. Milli Məclisin üzvü və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ərzaq təhlükəsizliyində kənd təsərrüfatının roluna, məhsuldarlığın artırılmasına, təbii resurslardan səmərəli istifadəyə və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa diqqət çəkib. FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovasiyaların məhsuldarlığın artırılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə töhfə verdiyini bildirib. Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar kəndlərin dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və icma rifahının yüksəldilməsi istiqamətində səylərini əks etdirir. Həmçinin “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə qida sənayesinin inkişafı, məhsul keyfiyyəti və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib. Qeyd edək ki, Ümumdünya Qida Günü hər il oktyabrın 16-da FAO-nun təsis edildiyi gün münasibətilə qeyd olunur. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin dayanıqlı inkişafına töhfəsinə diqqət çəkir.
Nəzarət tədbirləri - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Sumqayıt şəhərində, Xaçmaz və Yardımlı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Giriş