Qırğızıstanın nümayəndə heyəti AQTİ-nin laboratoriyaları ilə tanış olub
17 Avqust 2022 12:25
Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında olub.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli AQTİ-nin fəaliyyət istiqamətləri, eləcə də tabeliyində fəaliyyət göstərən laboratoriyalar və onların maddi-texniki bazası barədə qonaqlara geniş məlumat verib. Bildirilib ki, İnstitutun fəaliyyəti əsasən qida təhlükəsizliyinə dair elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması, eləcə də mövcud beynəlxalq standartların, norma və qaydaların tələbi nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanmasından ibarətdir və tabeliyində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda infrastruktur beynəlxalq standartlar səviyyəsində qurularaq, ən müasir avadanlıqlarla təchiz edilib, burada qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə və analizlər həyata keçirilir.
Görüş çərçivəsində qonaqlar Milli Referens Laboratoriyası və Kompleks Tədqiqatlar Laboratoriyasında laborator sınaqların həyata keçirildiyi otaqlara baxış keçiriblər, sınaqların aparılması prosesini izləyiblər, cihaz və avadanlıqlarla əyani tanış olublar. Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini ölkəmizdə müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və davamlı təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən qida məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi, risklərin və böhran vəziyyətlərinin idarəedilməsi ilə bağlı təcrübə mübadiləsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair məsələlər müzakirə olunub. Dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı vurğulanıb.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.