Qızılı kartof nematodunun risk təhlili həyata keçirilib
3 May 2021 18:43
Dünyanın kartof yetişdirilən bir çox bölgəsində mövcud olan qızılı kartof nematodu kartofun ən əsas zərərvericisi hesab edilir. Bu zərərverici Avropa Birliyi tərəfindən kartof xəstəlikləri və zərərvericiləri üzrə qaydalar dərc edilən və ciddi şəkildə nəzarət altında olan beş zərərli orqanizmdən biridir. Bu zərərverici həm mülayim iqlim qurşağında yerləşən ölkələrdə, həm də tropik ölkələrin nisbətən mülayim iqlimli bölgələrində əsasən kartof bitkisi ilə yayılan zərərvericidir.
Qızılı kartof nematodunun yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsiziliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlilləri həyata keçirilib. Risk təhlili ölkədaxili və beynəlxalq ticarətdə karantin qaydalarına uyğun olaraq, zərərvericidən azad əkin materialından istifadə edilmiş kök yumruları məhsuldar sahələrə köçürülən andan bitkinin vegetasiyasının sonuna qədər nəticələr təhlil edilib. Həmçinin mütəxəssislər tərəfindən Bərdə, Gəncə, Tovuz, Şəmkir rayonlarında təsərrüfatlardan toxumluq və əkin üçün nəzərdə tutulan kartoflardan nümunələr götürülərək analizlərin aparılması üçün laboratoriyaya təqdim olunub. Analizlər nəticəsində qızılı kartof nematodu aşkar edilməyib.
Nematodun ölkəyə daxil olmasında ən çox ehtimal yolları idxal olunan toxumluq kartoflardakı sistalar, əkin materialı, torpaq, çiçək bitkilərinin soğanaqları, ərzaqlıq və emal məqsədilə gətirilən kartof bitkisi vasitəsilə daşına bilir. Bununla bağlı olaraq müvafiq nəzarət tədbirləri həyata keçirilməkdədir. İqlim şəraitindən asılı olaraq, ildə 1-2 nəsil verə bilən bu zərərvericinin sistaları, əkin materialları, kök yumruları və soğanaqlarda olan torpaqla, həmçinin, yağış suları və küləklə yayılır. İnkişaf üçün optimal temperatur 15-200C, nisbi rütubət isə 70%-dir. Bu şəraitdə bir nəsil 38-48 günə inkişaf edir.
Hazırda AQTİ mütəxəssisləri tərəfindən təsərrüfatlarda mütəmadi olaraq monitorinqlər həyata keçirilir və sahibkarlıq subyektlərinə lazımi metodiki dəstək göstərilir.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş