Qobustanda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkar edilib
3 Aprel 2023 16:42






Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Qobustan şəhəri, Yeni massiv adlanan ərazidə fəaliyyət göstərən hüquqi şəxs “Docta” MMC-yə məxsus aptekdə planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, satışı həyata keçirilən bioloji aktiv qida məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin təqdim edilmədiyi, “Bilge İlaç A.Ş” şirkətinə məxsus “Black Seed Oil” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun idxal sağlamlıq aktı olmadan satışının həyata keçirildiyi, bəzi bioloji aktiv qida məhsullarının üzərində və içlik vərəqələrində digər dillərlə yanaşı Azərbaycan dilində zəruri məlumatların göstərilmədiyi müəyyən olunub.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
