Qoşqar Təhməzli ilə Sergey Dankvert arasında görüş keçirilib
24 May 2022 16:35


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə Rusiya Federasiyasında istehsal edilən vaksinlərin Azərbaycan Respublikasında istifadəsinin təşkili məsələlərinə dair müzakirələr aparılıb. Bildirilib ki, Rusiya Federasiyasından respublikamıza geniş çeşiddə baytarlıq preparatları, o cümlədən vaksinlər idxal edilir. Respublikada əsasən qarayara, dabaq, nodulyar dermatit, qoyunların çiçəyi, brusellyoz, quduzluq və s. kimi heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmələr dövlət büdcəsi vəsaitləri hesabına təmin edilir. Ölkəyə idxal edilən bütün baytarlıq preparatlarının, o cümlədən vaksinlərin keyfiyyət və təhlükəsizlik sınaqları aparılır.
Görüşdə dövlət reyestrinə daxil edilmiş, Rusiya Federasiyasının istehsalı olan baytarlıq preparatları barədə də məlumat verilib. Qeyd olunub ki, AQTA-nın və “Rosselxoznadzor”un aidiyyəti qurumları və tədqiqat laboratoriyaları ilə işgüzar əlaqələr mövcuddur. Bu istiqamətdə birgə səmərəli fəaliyyət inkişaf etməkdədir.
Daha sonra ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
