Qoşqar Təhməzli Moskvada "Rosselxoznadzor"un rəhbəri ilə görüşüb
17 Noyabr 2021 09:40
Noyabrın 16-da Moskvada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoqun vacibliyi vurğulanıb. Həmçinin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılması və məhsulların Rusiya-Azərbaycan sərhədindən keçirilməsi prosedurunun sürətləndirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi və yaxın vaxtlarda bununla bağlı iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə əlavə danışıqların aparılması təklif olunub. İclasda Azərbaycandan Rusiyaya pomidor və alma ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. Qeyd olunub ki, 2020-ci il 10 dekabr tarixindən "Rosselxoznadzor" tərəfindən tətbiq edilmiş məhdudiyyətlər əməkdaşlığın genişləndirilməsi və aparılan birgə videomonitorinqlər zamanı məhsullardan götürülən nümunələrin fitosanitar ekspertizası nəticəsində tədricən aradan qaldırılır. Bu da getdikcə alma və pomidor tədarükünün daha da artırılmasına imkan verir. Hazırda Rusiya Fedarasiyasına Azərbaycanın 204 müəssisəsi və 1 kənd təsərrüfatı kooperativindən pomidor, 70 təsərrüfatdan isə alma tədarükü mümkündür. Danışıqlar zamanı Sergey Dankvert və Qoşqar Təhməzli bu istiqamətdə aparılan işlərin yekunlarına əsasən, razılığa gəliblər ki, ölkəmizdən məhsul ixrac edən təsərrüfatlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılaraq “Rosselxoznadzor”a karantin tətbiq edilən zərərvericilərdən azad müəssisələrin siyahısı təqdim olunsun və səlahiyyətli qurumun zəmanəti altında gələcəkdə tədarük imkanları daha da genişləndirilsin.
Görüşdə bildirilib ki, baytarlıq preparatlarının dövlət qeydiyyatı və dövriyyəsinə nəzarət sahəsində, habelə baytarlıq sahəsində təcrid edilmiş mikroorqanizmlərin ştammlarının identifikasiyası, qeydiyyatı, saxlanılması, yenilənməsi və arxivlənməsi istiqamətində təcrübə mübadiləsinin aparılması, eləcə də transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin əlaqələndirilməsi əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək.
Tədbirdə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması ilə bağlı məsələlər müzakirə olunub. İkitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş