Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
15 May 2025 14:15

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 22-si saat 14:00-da keçiriləcək.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər

AQTA sədri Oğuzda vətəndaşları qəbul edib, istehsal müəssisələrinə baş çəkib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 15-i Oğuzda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. AQTA sədri Qoşqar Təhməzli vətəndaşların qəbulu ilə bağlı səfəri çərçivəsində Oğuzda yerləşən "CPC" və Qaxda yerləşən "Ulu Aqro" MMC-lərdə istehsal prosesi ilə yaxından tanış olub.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
