Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və  parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.

Fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı daha bir uğurlu nəticə əldə edilib
Fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı daha bir uğurlu nəticə əldə edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə AQTA tərəfindən həyata keçirilən, o cümlədən fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı görülən işlər müsbət nəticəsini verməkdədir. Belə ki, bu ilin ötən dövründə Avropa İttifaqının (Aİ) “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndə ölkəmizdən İttifaqa üzv olan dövlətlərə ixrac edilən fındıqda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb. Bu nailiyyət respublikamızda qida məhsullarının ixracı zamanı tətbiq olunan nəzarət tədbirlərinin gücləndirilməsinin birbaşa nəticəsidir. Eyni zamanda bu, ölkəmizdə fındıq istehsalı və ixracı sahəsində təhlükəsizlik və keyfyyətin artırılmasına, beynəlxalq tələblərə uyğunluğun təmin edilməsinə, qida təhlükəsizliyinin daha yüksək səviyyədə qorunmasına dair həyata keçirilən genişmiqyaslı tədbirlərin uğurlu göstəricisidir. Əldə olunan nəticə isə respublikamızda istehsal edilən fındığın Avropa bazarlarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək. Qeyd edək ki, məhsul yığımı və emalı mərhələlərində fındıqda aflatoksinin yaranması riskinin qarşısının alınması məqsədilə Agentlik tərəfindən "Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları" adlı tənzimləmə sənədi qəbul olunub. Belə ki, fındığın vaxtında və optimal şəraitdə yığılması, optimal temperaturda və rütubətdə, kif göbələklərinin yayılmasının qarşısını alan şəraitdə qurudulması məhsulun minimum keyfiyyət və təhlükəsizliyinin qorunmasını təmin edir. Bununla yanaşı, respublikamızda ixrac üçün nəzərdə tutulan fındığın laboratoriya analizlərinin sayı artırılıb, istehsalçılarla ixracatçıların maarifləndirilməsi və təlimatlandırılması həyata keçirilib. Bu da öz növbəsində bu sahədə fəaliyyətlərin daha səmərəli təşkilinə və fındıq ixracı imkanlarının genişləndirilməsinə gətirib çıxarır. Xatırladaq ki, ötən il respublikamızdan Aİ ölkələrinə ixrac olunmuş fındıqda aflatoksin aşkarlanması ilə bağlı müvafiq sistemdə cəmi 2 bildiriş qeydə alınıb. Bu isə 2022-ci illə müqayisədə 6 dəfə azalma deməkdir.

AQTA sədri pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
AQTA sədri pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli hər həftənin IV günü Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir. Bu çərçivədə bu gün pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalının mövcud qaydalar çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub. Q.Təhməzli bundan əvvəl çörək istehsalı, dəyirman və taxıl idxalı, süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahələrində, eləcə də ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarları qəbul edib. Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstin Dövlətinin Beytləhm əyalətində dabaq, Yunanıstan Respublikasının Peloponnes, Qərbi Yunanıstan və İon adalarında, Bolqarıstan Respublikasının Sliven vilayətində xırdabuynuzlu heyvanların çiçək, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq, Bavariya, Brandenburq, Hamburq, Meklenburq-Ön Pomeraniya, Saarland, Saksoniya, Saksoniya-Anhalt, Şlezviq-Holşteyn, Türingiya, Bremen vilayətlərində, Liviya Dövlətinin Benqazi inzibati ərazi vahidində, Polşa Respublikasının Nijnesilezsk inzibati ərazisində, Portuqaliya Respublikasının Portaleqri dairəsində blutanq, Polşa Respublikasının Slask inzibati ərazisində, Yeni Zelandiyanın Kenterberi regionunda, Rumıniyanın Timiș inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Montana, Minnesota ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Beytləhm əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Peloponnes, Qərbi Yunanıstan və İon adalarında, həmçinin Sliven vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Baden-Vürtemberq, Bavariya, Brandenburq, Hamburq, Meklenburq-Ön Pomeraniya, Saarland, Saksoniya, Saksoniya-Anhalt, Şlezviq-Holşteyn, Türingiya, Bremen vilayətlərində, Benqazi, Nijnesilezsk inzibati ərazilərində və Portaleqri dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Kenterberi regionunda, Slask, Timiș inzibati ərazilərində və Montana, Minnesota ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Kütləvi qidalanmanın həyata keçirildiyi obyektlərə nəzarət gücləndirilib
Kütləvi qidalanmanın həyata keçirildiyi obyektlərə nəzarət gücləndirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şadlıq saraylarının, mərasim evlərinin və insanların kütləvi qidalanmasının həyata keçirildiyi digər qida obyektlərinin sahiblərinə müraciət edib. Bildirilir ki, aparılan nəzarət tədbirləri zamanı bir çox hallarda ziyafətlərdə ilkin və dövri tibbi müayinədən keçməmiş təsadüfi şəxslərin xidmət göstərdiyi məlum olur. Belə şəxslərin birbaşa, yaxud dolayısı ilə qida ilə təmasda olması isə insanlarda kütləvi mədə-bağırsaq pozuntuları ilə müşahidə edilən halların baş verməsinə və zəhərlənməyə səbəb ola bilər. Eyni zamanda bir çox hallarda, xüsusilə də regionlarda qidaların ev şəraitində hazırlanaraq şadlıq saraylarına, mərasim evlərinə və digər belə yerlərə gətirildiyi müşahidə edilir. Qida məhsullarının sanitar-gigiyenik norma və qaydalara uyğun olmayan şəraitdə, texnoloji ardıcıllıq gözlənilmədən, çarpaz çirklənməyə şərait yaratmaqla hazırlanması, həmçinin hazır qidaların isti və soyuq zəncir gözlənilmədən antisanitar şəraitdə şəxsi nəqliyyat vasitələri ilə tədbir məkanına daşınması isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, insan həyat və sağlamlığına ciddi təhlükə yarada bilər. Agentlik bəyan edir ki, sadalanan hallar yolverilməzdir. Qeyd olunan hallarda baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə obyekt sahibləri birbaşa məsuliyyət daşıyır. Eyni zamanda bildirilir ki, sözügedən sahədəki mövcud vəziyyətin qiymətləndirilməsi, zəhərlənmə və qida mənşəli xəstəliklərin baş verməsi riskinin azaldılması məqsədilə AQTA əhalinin kütləvi qidalandığı məkanlarda, o cümlədən şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Tədbirlər zamanı qanunvericiliyin tələblərinə zidd faktlar aşkarlandığı təqdirdə, obyekt və onların rəhbərləri barədə zəruri tədbirlər görüləcək. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, qida subyektlərində çalışan və qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlar müvafiq qaydada ilkin və dövri tibbi müayinədən keçməli, gigiyenik təlimlərə cəlb olunmalı, fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Həmçinin ictimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən olunmuş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət edilməlidir.

HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə qida təhlükəsizliyinin inkişafı və beynəlxalq standartların geniş tətbiqi üçün tədbirləri davam etdirir. Bu istiqamətdə AQTİ qida istehsalı və emalı sektorunda fəaliyyət göstərən müəssisələr üçün beynəlxalq səviyyədə tanınmış Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) prinsiplərinə əsaslanan qiymətləndirmə xidmətini təklif edir. HACCP sistemləri müəssisələrin istehsal prosesində potensial təhlükələri müəyyən etməsinə, kritik nöqtələri nəzarət altında saxlamasına və riskləri minimuma endirməsinə imkan yaradır. AQTİ-nin təklif etdiyi HACCP sistemi üzrə qiymətləndirmə xidməti bir neçə mərhələni əhatə edir: • HACCP prinsiplərinin mövcud vəziyyətə uyğunluğunu müəyyən etmək üçün ilkin qiymətləndirmə aparılır; • Qida məhsullarının emalındakı risklər təhlil edilirək qiymətləndirilir və risklərin idarə olunması üçün təkliflər verilir; • HACCP sisteminin beynəlxalq və ya milli standartlara uyğunluğu ilə bağlı sənədlər və prosedurlar yoxlanılır; • HACCP sisteminin davamlılığını təmin etmək üçün müəssisəyə dəstək göstərilir; • Müəssisə əməkdaşları arasında yeni texnologiyalar, qaydalar və standartlarla bağlı məlumatlandırma aparılır. Bu mərhələlər, HACCP sisteminin effektiv şəkildə qurulması və müəssisənin qida təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsini təmin edir. İnstitut, HACCP sistemlərinin tətbiqi zamanı müəssisələrə tələb olunan sənədlərin hazırlanmasında, personalın təlimatlandırılmasında və proseslərin optimallaşdırılmasında dəstək göstərir. AQTİ mütəxəssisləri bu proseslərin hər birində müəssisələrə dəstək göstərərək onların istehlakçılara keyfiyyətli və təhlükəsiz qida məhsulları təqdim etməsinə şərait yaradır. Qiymətləndirmə xidməti vasitəsilə müəssisələr istehsal prosesində qida təhlükəsizliyini təmin etməklə yanaşı, ixrac potensiallarını artırmaq üçün yeni imkanlar əldə edir, həm daxili, həm də xarici bazarlarda rəqabət üstünlüyü qazanırlar. Qanunvericiliyə əsasən, sahibkarlıq subyektləri HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan planlı yoxlamalar zamanı müəssisədə HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Sahibkarlar AQTİ-nin təklif etdiyi HACCP mövzusunda qiymətləndirmə, təlim və məsləhət xidmətlərindən istifadə etmək üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir