Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir
Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir

Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçün ölkəmizdə qoyunçuluğa xüsusi diqqət yetirilir. Yetişdirilən qoyun cinslərinin ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir. Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. İqlim dəyişiklikləri və torpaqların deqradasiyası və tələblə təklifin dəyişməsi fonunda tələbin artması ilə yanaşı, ən narahatedici məqamlardan biri də təəssüf hissi ilə qeyd edək ki, əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir. Qeyd edək ki, qoyun ətinin qida dəyəri tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm olunur. Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə daha zəngindir. Beləliklə, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-12 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir.

Sabirabadda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Sabirabadda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib

Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin respublikada mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı növbəti müşavirə Sabirabad rayonunda keçirilib. Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Sabirabad Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib. Müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və bunun üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır. Eyni zamanda vurğulanıb ki, Qaydalara əsasən, heyvanların identikləşdirilməsi Agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair fərdi məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. AQTİS heyvanların ölkəyə idxal edilməsi, daşınması, həmçinin heyvanlar üzərində aparılan baytarlıq tədbirlərinin, laboratoriya müayinələrinin və xüsusi təhlükəli xəstəliklərə görə qoyulan karantin tədbirlərinin və digər prosedurların idarə olunmasının elektron platforma üzərindən həyata keçirilməsinə imkan verir. Qeyd edək ki, bundan əvvəl Zaqatala, Quba, Ucar və Bərdə rayonlarında da heyvanların identifikasiyası ilə bağlı müşavirələr keçirilib.

AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş idarəsinin (TAGEM) təşkilatçılığı ilə Ankara şəhərində “Mərkəzi Asiya və Qafqazda bitki sağlamlığı mövzusu da daxil olmaqla tətbiqi kənd təsərrüfatı tədqiqatları və innovasiyalar üçün platformanın işlənib hazırlanması” adlı layihənin yekun seminarı keçirilib. 2024-cü il 28-29 noyabr tarixlərində baş tutan beynəlxalq seminarda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun Elmi Araşdırmalar Mərkəzinin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev iştirak edib. Seminarda ölkəmizlə yanaşı, Türkiyə, Moldova, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikalarının elm adamları və mütəxəssisləri də iştirak ediblər. Tədbir çərçivəsində təsbit olunan razılaşmaya dair iş planında regionda bitki sağlamlığı sahəsi üzrə prioritetlərin, kənd təsərrüfatı tədqiqatlarının tələblərinin müəyyən edilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri üçün aqrar tədqiqatlar sahəsində əməkdaşlığın layihə strukturu və platformasının işlənib hazırlanması kimi məsələlər müzakirə olunub. Region ölkələrinin bitki sağlamlığı sahəsində araşdırma potensialı nəzərdən keçirilib, həmçinin qarşılıqlı əməkdaşlıq və sahə üzrə prioritetlər müəyyənləşdirilib. Daha sonra birgə icra üçün niyyət məktubu və texniki tapşırıq sənədi hazırlanıb.

Quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nepal Federativ Demokratik Respublikasının Şərq, Qandaki, Madheş əyalətlərində, Kanadanın Manitoba, Nyu-Brunsvik, Şahzadə Eduard Adası, Nyufaundlend-Labrador əyalətlərində, Şotlandiyanın Şetland, Eilean-Siar, Pert və Kinross, Anqus, Damfris-Qalloyey, Şərqi Ayrşir, Fafe, Haylənd, Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərində, İngiltərənin Şərqi İngiltərə, Cənub-Şərqi İngiltərə, Qərbi Midland, Şimal-Qərbi İngiltərə, Şimal-Şərqi İngiltərə regionlarında, İtaliya Respublikasının Toskana regionunda, Uelsin Anqlesey, Pouis inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Kolorado, Florida, Minnesota ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin yerində və onlayn qiymətləndirilməsini davam etdirir. Proses çərçivəsində İnstitutun əməkdaşları Estoniya Respublikasının dondurulmuş balıq və balıq hissələri istehsal olunan "Geirom OÜ" və Latviya Respublikasının yem əlavələri istehsal edilən "Farma Pet Gigi" LTD müəssisələrində yerində qiymətləndirmə fəaliyyəti həyata keçirib. Qiymətləndirmə zamanı adıçəkilən müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilib, təhlil aparılıb. Qida təhlükəsizliyi baxımından müvafiq tələblərə əməl olunduğu üçün həmin müəssisələrin fəaliyyəti məqbul hesab edilib və nəticələr baxılmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim olunub. AQTA tərəfindən nəticələr təhlil edildikdən sonra həmin müəssisəsilər təsdiqlənib və “Xarici ölkələrdən Azərbaycan Respublikasına ixrac həyata keçirən qida obyektlərinin təsdiqi reyestri”nə daxil edilib. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin təsdiq edilməsi yerində və ya onlayn qiymətləndirilmə formatında həyata keçirilir. Müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq olunmamış xarici qida müəssisələrindən ölkəmizə məhsulların gətirilməsi qadağandır.

AQTA sədri çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
AQTA sədri çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər. Bu çərçivədə bu gün çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün AQTA-nın inzibati binasında qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib. Qeyd edək ki, Q.Təhməzli bundan əvvəl süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, eyni zamanda alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı, həmçinin ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və sair sahələrdə fəaliyyət göstərən sahibkarları qəbul edib.

AQTA sədri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb
AQTA sədri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinin və ölkəmizdən baytarlıq nəzarətində olan məhsulların BƏƏ-yə ixracının genişləndirilməsi məqsədilə sertifikatların razılaşdırılması proseduru ilə bağlı məsələlər nəzərdən keçirilib. Səfir Məhəmməd Əl Bluşi səmimi görüşə görə təşəkkürünü bildirib, Azərbaycandakı bundan sonrakı diplomatik fəaliyyəti dövründə də iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir