Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir
27 May 2026 10:43
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir.
Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb-VİDEO
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracı istiqamətində mühüm nailiyyət əldə olunub. İlk dəfə olaraq “AGRARCO” MMC tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib. Bu ixrac Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb. AQTA-nın dəstəyi ilə görülən tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb. Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin olunub. Azərbaycan fındığının bu nəhəng bazara çıxışı yerli istehsalçılar üçün yeni ixrac imkanları açır. Link:
Azərbaycanla Yunanıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş