Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
13 Fevral 2025 17:18
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirilir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə baş tutan monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, vəhşi quşlara baxış keçirilir. Həmçinin xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanır və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürülür. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilir. Sonda epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.
Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Eyni zamanda monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.
Oxşar xəbərlər

Novruz təamlarından istifadə edərkən nələrə diqqət yetirməliyik?
Novruz süfrəsi bol çeşidli yemək və şirniyyatlarla zəngindir. Bayramın ənənəvi yeməkləri çox zəngin və kalori baxımından yüksək olur, buna görə də balanslı qidalanmaq çox önəmlidir. Bayram günlərində qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Çünki həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yarada bilər. Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran mövsümi tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzmini asanlaşdırır. Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin. Bayram günlərində yemək və salatların hazırlanmasında daha geniş istifadə olunan mayonezi qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki yağ və şəkər səbəbindən yüksək kalorili qidalardır. Xörəklərdən dərhal sonra yüksək kalorili şirniyyatların yeyilməsi çəkinin artmasına səbəb olur. Bu şirniyyatlarla bərabər çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır. Düzgün qidalanmanın vacib şərtlərindən biri də yavaş-yavaş yeməkdir. Çünki doyma siqnalı beynə 20 dəqiqə ərzində çatır. Yavaş-yavaş qidalanma həddindən artıq qida qəbulunun qarşısını alır. Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalı hesab olunur. Bayram günlərində fiziki aktivliyin yüksək olması da düzgün və balanslı qidalanmaq qədər vacib və faydalıdır.

"Şüa" restoranında nöqsanlar aşkarlandı
Fiziki şəxs Mikayılov Elvin Vaqif oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 19 ünvanında fəaliyyət göstərən "Şüa" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sanitar-gigiyenik qaydaların gözlənilmədiyi müəssisədə qida məhsullarının saxlanması rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipi pozulmaqla saxlanılan və baytarlıq sənədləri olmayan balıq, toyuq, hindquşu məhsulları müəyyən olunub. Həmçinin soyuq qəlyanaltılar və isti yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, çalışan işçilərin soyunub geyinməsi üç sahənin ayrılmadığı, qida məhsullarının saxlandığı rəflərin korroziyaya uğradığı aşkar olunub. Müəssisədə çalışan işçilərin tibbi müayinədən keçmədən və gigiyenik təlimlərə cəlb edilmədən fəaliyyət göstərməsi kimi bir sıra nöqsanlar qeydə alınıb. Aşkar olunan faktla bağlı inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 3-ü saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.