“Rahat” marketdə nöqsanlar aşkar edilib
21 İyul 2023 15:26














Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 205 B ünvanında fəaliyyət göstərən və “ANC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Rahat” marketdə planlı yoxlama aparılıb. Yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, marketdə satışı həyata keçirilən bəzi məhsulların etiketlənməsinin dəqiq həyata keçirilmədiyi və çirklənmədən mühafizə olunmadığı, eləcə də yararlılıq müddəti bitmiş malların olduğu aşkarlanıb. Həmçinin ticarət obyektinin anbarının quruluşunun və yerləşmə vəziyyətinin qabaqcıl gigiyena təcrübəsinin tətbiqinə imkan vermədiyi, təmiz saxlanmadığı, rütubətli olduğu, yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilmədiyi aşkar olunub. Anbarda məhsulların qaydalara uyğun saxlanmadığı və işıqlandırma lampalarının qoruyucu örtüklərlə təchiz edilmədiyi də məlum olub. Eyni zamanda, marketdə qida ilə təmasda olan səthlərin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilmədiyi, işçilər üçün soyunma-geyinmə otağının dolablarla və sanitar-məişət avadanlıqları ilə təchiz olunmadığı, təmizlik alətlərinin, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin qida məhsullarının olduğu yerlərdə saxlandığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar protokol tərtib olunub, bəzi məhsulların satışı qadağan edilib və ticarət obyektinin anbarının fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını alacaq.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
