Risklərin qiymətləndirilməsi qaydalarına dair növbəti təlim keçirilib
14 Fevral 2023 11:33
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimlər davam etdirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Risklərin qiymətləndirilməsi qaydaları” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP risk əsaslı yanaşmanı tətbiq edir, qida məhsullarına ola biləcək təhlükələrin və risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. Təlim zamanı iştirakçılara risklərin qiymətləndirilməsi qaydaları da izah edilib və bu məsələ ilə bağlı nümunələr göstərilib. Eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, ayrıca manqal sahəsinin təşkil edilmədiyi, mətbəx sahəsinin divar, döşəmə və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarından üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, eyni zamanda gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.