Rusiya Federasiyasının müvafiq qurumu ilə pomidor və alma məhsullarının ixracı ilə bağlı müzakirələr davam etdirilir
29 Yanvar 2021 14:30
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.
Məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb. Bunun nəticəsi olaraq, 16 dekabr 2020-ci il tarixindən etibarən bir sıra müəssisələrə məhsullarının Rusiya Federasiyasına idxalına icazə verilib.
Qeyd edək ki, bugünədək Agentlik tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunmuşdur. Eyni zamanda Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssisləri ilə birgə respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilmişdir. Belə ki, Agentliyin apardığı monitorinqlərə əsasən bitki sağlamlığı vəziyyəti qənaətbəxş olan və beynəlxalq standartlara uyğun olan 53 təsərrüfatla bağlı məlumatlar Rusiya Federasiyasının müvafiq qurumuna göndərilmiş və bugünədək 16 təsərrüfatda birgə videomonitorinqlər həyata keçirilmişdir. Aparılan uğurlu danışıqlar və videomonitorinqlər nəticəsində bu günədək 39 pomidor təsərrüfatının məhsullarının ixracına icazə verilmişdir ki, bu müəssisələrin 2021-ci il üzrə ixrac proqnozu 116393 ton təşkil edir. Müqayisə üçün qeyd edək ki, ixracına icazə verilən təsərrüfatların 2021-ci il üzrə ixrac proqnozu 2020-ci ildə Rusiya Federasiyasına ixrac olunmuş pomidorun 64.6 %-ni təşkil edir. Ancaq qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəsmi məlumatına əsasən 5 pomidor istehsalı ixrac olunan məhsul partiyalarının nəqliyyat vasitələrində, taralarında karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması səbəbindən həmin təsərrüfatlara ixrac sertifikatlarının verilməsi müvəqqəti dayandırılmışdır. Həmin təsərrüfatlarda müvafiq monitorinqlər və bitki mühafizə tədbirləri həyata keçirilir ki, həmin tədbirlərin nəticələri haqqında Rusiya Federasiyasının müvafiq qurumuna məlumat veriləcəkdir.
Eyni zamanda ölkə ərazisi üzrə fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 24 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunmuş və aparılan danışıqlar nəticəsində 10 alma istehsal müəssisəsinə Rusiya Federasiyasına ixrac üçün icazə verilmişdir. İxracına icazə verilmiş 10 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 45600 ton təşkil edir ki, bu da 2020-ci ildə Rusiya Federasiyasına ixrac olunan almanın 67.9 %-ni təşkil edir.
Qeyd edək ki, hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş