Rusiya Federasiyasının müvafiq qurumundan daxil olan bildirişlər AQTA tərəfindən araşdırılıb
20 Avqust 2021 10:12
Azərbaycandan Rusiya Federasiyasına pomidor ixracı zamanı 2 təsərrüfata məxsus 5 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu, digər 2 təsərrüfata məxsus 2 məhsul partiyasında isə pepino mozaik virusunun aşkarlanması ilə bağlı Rusiyanın müvafiq qurumu tərəfindən daxil olan bildiriş əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilib. Aparılan araşdırmalar zamanı daxil olan notifikasiyalarda adı qeyd olunan təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb.
Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda aşkar olunan uyğunsuzluqlara dair bildirişlərin vaxtında göndərilməməsi, həmçinin pomidor mövsümünün başa çatması və ixrac olunan məhsul partiyalarının geri qaytarılması ilə əlaqədar olaraq, pomidor məhsullarından laborator analizlər üçün nümunə götürmək mümkün olmayıb. Müəssisələrdə bitki qalıqları zərərsizləşdirilib, dezinfeksiya işləri aparılıb, giriş-çıxış məhdudlaşdırılıb və ərazidə məlumat lövhələri yerləşdirilib. Qeyd edək ki, bildirişlərin daxil olmasından öncə Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları aşkar olunmayıb.
Buna baxmayaraq, Agentlik tərəfindən ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür:
- ölkəyə virusun daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan toxum materialları pepino mozaik virusu və pomidoir meyvələrinin qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilir;
- Agentlik tərəfindən 23 ölkənin Milli Bitki Mühafizəsi təşkilatlarına pomidor toxumlarının və şitillərinin idxalı üzrə ixrac üçün fitosanitar sertifikatın əlavə deklarasiyasında məhsulun pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları üzrə müayinə edilməsi və faktiki olaraq, bu viruslardan azad olmasını təsdiq edən laborator sınaq nəticələrinin əks olunduğu protokolun fitosanitar sertifikatı ilə müşayiət olunmasına dair məktublar ünvanlanıb;
- təsərrüfatlarda pepino mozaik və pomidor meyvələrinin qonur qırışıqlıq virusuna görə monitorinqləri aparılır və nümunələr götürülərək laborator müayinələrə cəlb edilir;
- Pomidor və bibər istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin müvafiq dezinfeksiya işlərinin icrası ilə bağlı metodiki göstərişlər verilib;
- ixrac zamanı hər beş nəqliyyat vasitəsindən bir nümunə götürülərək hər iki virusa görə müayinə edilməsi qaydası müəyyənləşdirilib.
Agentlik tərəfindən bildiriş daxil olan təsərrüfatda bitki mühafizə tədbirlərinin görülməsi və bu barədə AQTA-ya məlumat verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb.
AQTA bir daha ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini bütün zəruri metodiki göstərişlərə əməl etməyə çağırır. Belə ki, sahibkarlar yalnız virusdan azad olan və müvafiq müayinələrdən keçmiş əkin-səpin materiallarından istifadə etməli, sahələr əkinqabağı dezinfeksiya edilməli, təsərrüfatda istifadə edilən alət və avadanlıqlar müvafiq metodikaya uyğun dezinfeksiya olunmalıdır. Həmçinin istixanalara giriş-çıxış məhdudlaşdırılmalı, utilizasiya qaydalarına düzgün riayət edilməli və ixrac olunan yük partiyaları mütləq şəkildə virusoloji analizlərə cəlb olunmalıdır.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
Giriş