Rusiyadan idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkar edilib
1 May 2024 14:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsuluna Agentlik əməkdaşları tərəfindən fitosanitar baxış keçirilib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Aparılmış ekspertizanın nəticələrinə əsasən, “Агрохмель” şirkətinə məxsus 23 məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm − kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) xəstəliyi aşkar edilib. Zərərli orqanizm aşkar edilmiş toxumluq kartofun 10 partiyası fiziki şəxs Vəliyev Cümşüd Səbrulla oğlu, 13 partiyası isə Vəliyev Səbrulla Heybət oğlu tərəfindən idxal edilib.
Bununla əlaqədar, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktubla bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasının “Агрохмель” ixracatçı şirkəti tərəfindən toxumluq kartof məhsulunun ölkəmizə idxalına 2024-cü ilin 6 may tarixindən müvəqqəti qadağa tətbiq edilib.
Qeyd edək ki, fitosanitar riski yüksək qiymətləndirilən toxumluq kartof yumrularında halqavari bakterial çürümə xəstəliyinin əsas sahib bitkisi kartof hesab edilir. Həmin zərərli orqanizm məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir edir və kartof istehsalında məhsul və keyfiyyət itkisinə səbəb olur. Bu orqanizm əkin sahələrinə düşdüyü halda, uzun müddət həyat qabiliyyətini saxlayır və həmin sahələrdə kartofun əkilməsini səmərəsiz edir.
Oxşar xəbərlər
Azərbaycandan İsrailə bitkiçilik məhsullarının ixracı ilə bağlı məsələlər müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bitki Mühafizəsi və Təftiş Xidmətinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə Azərbaycandan İsrailə pomidor məhsulunun ixracı üçün icazənin əldə olunması müsbət qiymətləndirilib. Bununla yanaşı, ölkəmizdən İsrailə digər bitkiçilik məhsullarının ixracı üçün zəruri icazələrin alınması üzrə görülən işlərlə bağlı müzakirələr aparılıb. Bundan əlavə, ölkəmizdə bitki zərərvericilərinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə İsrail tərəfinə ətraflı məlumat verilib. Görüş zamanı həmçinin, bitki sağlamlığı sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Foreign Fruit” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Yunion Export 2024” müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib. Sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb. Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.
İdxal olunan antep fıstığı məhsulu partiyası ilə bağlı müvafiq qərar qəbul edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Giriş