Sahibkarlar qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün onlayn müraciət edə bilərlər
28 İyul 2022 15:05


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müasir texnologiyaların və innovativ həllərin tətbiqi nəticəsində qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə getmədən, Agentliyin rəsmi internet saytına (afsa.gov.az) daxil olaraq onlayn qeydiyyat üçün müraciət edə bilərlər.
Sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir. Xidmətdən istifadə etməklə sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edirlər. Daxil edilən məlumatlar Agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırıldıqdan sonra subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edilir. Qərar müsbət olarsa, təsərrüfat obyektinin qeydiyyata alınmasını təsdiq edən “Qida sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”ndən çıxarış sahibkarın “Şəxsi kabinet”inə göndərilir.
Qeyd edək ki, sözügedən xidmətin elektronlaşdırılması sahibkarlıq subyektlərinin işinin xeyli asanlaşmasına, əlavə vaxt itkisinin aradan qalxmasına səbəb olur və onların müraciət hüquqlarını onlayn qayada reallaşdırmalarına şərait yaradır.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
