Sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
9 Mart 2023 12:01


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Saf Catering Edu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara qida təhlükəsizliyi, təhlükəli qida, dezinfeksiya, dezinseksiya və deratizasiya haqqında ətraflı məlumat verilib. Qida zəncirinin bütün mərhələlərində sanitariya-epidemioloji tədbirlərə əməl edilməsinin vacib olduğu vurğulanıb və bununla bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Həmçinin sanitariya-epidemioloji tədbirlərin təşkili izah edilib. Bildirilib ki, belə tədbirlər zamanı müəssisənin daxili və xarici məkanı planlı olaraq nəzarətdə saxlanmalıdır. Həmçinin zərərvericilərə nəzarət planları üzrə məsul şəxs təyin edilməlidir. Zərərvericilrərə qarşı həyata keçiriləcək tədbirlərlə əlaqədar müəssisə və zərərsizləşdirməni aparacaq fiziki və ya hüqüqi şəxs arasında müqavilə bağlanmalıdır. Eləcə də istifadə olunan fiziki, kimyəvi və bioloji materialların ümumi siyahısı hazırlanmalı, həmçinin materialların konsentrasiyası, tətbiq edildiyi bölgə, tətbiq metodu və nəzarət sıxlığı təyin olunmalıdır. Eyni zamanda lazım olduqda, metodun tətbiqi ilə bağlı üsullar dəyişdirilməlidir.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
