Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
8 Avqust 2024 17:29
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
AQTİ mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
Təlimdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilib. Təlim qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Onu da bildirək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.
Oxşar xəbərlər

Kərə yağı adı ilə satılan bəzi yağların tərkibində uyğunsuzluq aşkarlandı
AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göstərən fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb. Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlandığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.

İdxal olunan nektarin və şaftalı tinglərində virus aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin və şaftalı tinglərindən AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanıb. Faktla bağlı 18000 ədəd nektarin, 18240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib, hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir. Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.