Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
10 İyun 2026 15:25
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Salyan rayonunun Arbatan kəndində fəaliyyət göstərən, fiziki şəxs Muradov Mübariz Əslan oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin pozulduğu, istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə həyata keçirilməsi üçün tələb olunan şəraitin təmin edilmədiyi müəyyən olunub.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, icrası məcburi olan göstərişlər verilib. Emal sahəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Oxşar xəbərlər
AQTA-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova insan hüquqlarının qorunmasının dövlət idarəçiliyində və ictimai münasibətlər sistemində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq tədqiqatçısı Araz Abdullasoy çıxış edərək, Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilən islahatlar və formalaşdırılmış hüquqi baza barədə danışıb. O, çıxışında qida təhlükəsizliyinin insan hüquqlarının mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, təhlükəsiz və keyfiyyətli qida ilə təminatın insanların fundamental hüquqlarından biri hesab edildiyini qeyd edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli 2231 nömrəli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu tarix ölkədə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha ön plana çıxarır. Görüşdə Hüquq və İnsan Haqları İnstitutu ilə AQTA arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Debat zamanı idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, milli maraqların qorunması, istehlakçı hüquqlarının müdafiəsi, əhalinin sağlamlığının və genefondunun mühafizəsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər insan hüquqlarının qorunmasına xidmət edən vacib mexanizmlərdən biridir. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və insan hüquqlarının təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə Azərbaycanla Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub, eyni zamanda, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qeyd olunub ki, AQTA ilə ÇXR Baş Gömrük Administrasiyası arasında qida məhsullarının təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində müntəzəm əməkdaşlıq həyata keçirilir. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının daha da genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı, rəqəmsal həllərin tətbiqi, sertifikatlaşmanın qarşılıqlı şəkildə tanınması, eləcə də təhlükəsiz və səmərəli ticarətin təşviqi ilə bağlı aktual məsələlər barədə razılaşmalar əldə edilib. Daha sonra iki qurum arasında rəsmi əməkdaşlıq sənədlərini AQTA sədri Qoşqar Təhməzli və ÇXR-in Baş Gömrük Administrasiyasının naziri xanım Sun Meycun imzalayıb. • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə vəhşi su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol; • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə yetişdirilmə (akvakultura) su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol; • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə quş ətinin ixracı üzrə inspeksiya, karantin və qida təhlükəsizliyi tələblərinə dair Protokol. İmzalanan sənədlər quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verərək yerli məhsulların ixracında maraqlı olan sahibkarlar üçün də yeni imkanlar açır. Qeyd edək ki, imzalanan sənədlər ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına öz mühüm töhfəsini verəcəkdir. Müzakirələrdə həmçinin bitkiçilik və digər kənd təsərrüfatı məhsullarının Çinə ixracı məsələləri də nəzərdən keçirilib, bu sahədə mövcud olan potensial yüksək qiymətləndirilərək əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Nümayəndə heyəti həmçinin ÇXR Baş Gömrük Administrasiyasının elmi tədqiqat mərkəzləri və laboratoriyaların fəaliyyəti ilə də yaxından tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə ÇXR Baş Gömrük Administrasiyasının tabeliyində fəaliyyət göstərən laboratoriyalar və elmi-tədqiqat institutları arasında əməkdaşlıq imkanları, eləcə də müasir texnologiyaların tətbiqi məsələləri müzakirə olunub. Səfər proqramına uyğun olaraq, AQTA sədri Qoşqar Təhməzli ÇXR Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) naziri Luo Ven ilə rəsmi görüş keçirib. Görüşdə qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin gücləndirilməsi, effektiv təftiş sistemlərinin tətbiqi, risk əsaslı qida təhlükəsizliyinin təmin edilməsində rəqəmsal transformasiya imkanları, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Keçirilən görüşlər, əldə edilən razılaşmalar və imzalanan sənədlər Azərbaycanla Çin arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti sahələrində əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsinə, qarşılıqlı etimadın gücləndirilməsinə və iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Heyvanların identifikasiyası nə üçün vacibdir? - VİDEO
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. Heyvanların identifikasiyası xəstəliklərin diaqnostikası və profilaktikası ilə bağlı baytarlıq tədbirlərinin effektiv həyata keçirilməsinə nəzarət etmək məqsədi daşıyır. Proses çərçivəsində hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və onun həyat dövrü boyunca izlənilməsi təmin olunur. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili, identifikasiya və izlənilmə departamentinin müdiri Yavər Məmmədov bildirib. Onun sözlərinə görə, heyvanın keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, müalicələr və digər baytarlıq məlumatları sistemdə qeydiyyata alınır. Toplanan məlumatlar “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sisteminin (AQTİS) alt modulu olan Heyvanların Qeydiyyatı Sistemində vahid məlumat bazası kimi formalaşdırılır. Daha ətraflı:
Giriş