Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunmasına dair növbəti təlim keçirilib
31 Yanvar 2023 11:33


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə təlimlər keçirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması” mövzusunda təşkil edilib.
Təlimdə iştirakçılara qida zəncirinin mərhələləri, qida obyektləri, həmçinin qida məhsullarının və onların inqrediyentlərinin, ərzaq xammalının, o cümlədən qablaşdırma materiallarının və kimyəvi maddələrin saxlanması və daşınması üçün mövcud olan qaydalar və onların tələbləri barədə məlumat verilib. Eləcə də müvafiq qulluq və təmizləmə qaydaları, saxlanma və daşınma prosesləri, saxlanma və daşınmaya dair yerli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə haqqında danışılıb. Eyni zamanda iştirakçılar sanitar gigiyenaya, havalandırmaya, temperatur rejiminə, işıqlandırmaya, çirkab suların axıdılmasına və saxlanma zamanı səthlərə dair tələblər haqqında məlumatlandırılıb. Həşərat və gəmiricilərə qarşı effektiv müdafiənin, həmçinin qida məhsullarının saxlanması və daşınması zamanı müşayiətedici sənədlərin təmin olunması və qida təhlükəsizliyi ilə bağlı saxlanma və daşınmada tətbiq edilməsi vacib olan digər məsələlər də təlim iştirakçılarının nəzərinə çatdırılıb.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
