Saxta spirtli içkilərin satışının həyata keçirildiyi aşkar olunub
6 Yanvar 2023 11:29




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan müraciət əsasında, Gəncə şəhəri, Sadıllı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Cəlilova Bənzər Şəmsəddin qızına məxsus “Kəmalə” marketdə Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub. Belə ki, marketdə üzərində istehsal tarixi qeyd olunmayan 68 ədəd 0.7 ml-lik “Zakaznaya”, 18 ədəd 0.5 ml-lik “Leopard”, 6 ədəd 0.7 ml-lik “Leopard”, 5 ədəd 0.5 ml-lik “Naturalnaya”, 3 ədəd 0.7 ml-lik “Himalay ayısı”, 1 ədəd 0.5 ml-lik “Moskovskie veçera”, 1 ədəd 0.7 ml-lik “Qaraçanaq”, 2 ədəd 1 l-lik “Quseynoff” əmtəə nişanlı orqanik alkoqollu içkilərin, həmçinin 85 ədəd 1.75 l-lik “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkinin satışının həyata keçirildiyi aşkar edilib.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 5 nümunənin tərkibində tündlülüyün (“Naturalnaya” 31,6% , “Leopard” 31,3%, “Himalay ayısı” 31,7%, “Ağsu damcısı” 32,8% , “Zakaznaya” 31,6%), eyni zamanda “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkidə metil spirtinin həcm payının (0.03%) müvafiq normativ tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilib. Qeyd olunanlarla yanaşı alkoqollu içkilərin etiket məlumatlarındakı müvafiq göstəricilər arasında da uyğunsuzluğun olması müəyyən edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
