“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
9 Aprel 2024 11:07
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlər davam edir.
Bu çərçivədə növbəti görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib. Tədbirdə AQTA-nın mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar olunub. Tələbələrin nəzərinə çatdırılıb ki, şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması kimi problemlər yarada bilər. Ölkəmizdə isə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125% artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir. Qeyd edilən göstərici isə Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokolad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40% artım müşahidə olunub. Qeyd edilən tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını, o cümlədən şəkər əlavə edilmiş məhsulların normadan artıq istehlak olunmamasını vacib hesab ediblər.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ADNSU-dan əvvəl Bakı Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10, 225, 234, 307 nömrəli tam orta məktəblərdə, 49 nömrəli məktəb-liseydə və 69, 117, 174, 183 və 316 nömrəli körpələr evi-uşaq bağçalarında görüşlər təşkil olunub. Təhsil müəssisəsində görüşlərin keçirilməsi ilə yanaşı, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər də qurulacaq. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Aprelin 26-da isə "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.
Onu da bildirək ki, bu kampaniya əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir. Ötən müddətdə kampaniyaya bir sıra qurumlar və tanınmış şəxslər qoşulub. Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Oxşar xəbərlər

Novruz təamlarından istifadə edərkən nələrə diqqət yetirməliyik?
Novruz süfrəsi bol çeşidli yemək və şirniyyatlarla zəngindir. Bayramın ənənəvi yeməkləri çox zəngin və kalori baxımından yüksək olur, buna görə də balanslı qidalanmaq çox önəmlidir. Bayram günlərində qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Çünki həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yarada bilər. Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran mövsümi tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzmini asanlaşdırır. Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin. Bayram günlərində yemək və salatların hazırlanmasında daha geniş istifadə olunan mayonezi qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki yağ və şəkər səbəbindən yüksək kalorili qidalardır. Xörəklərdən dərhal sonra yüksək kalorili şirniyyatların yeyilməsi çəkinin artmasına səbəb olur. Bu şirniyyatlarla bərabər çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır. Düzgün qidalanmanın vacib şərtlərindən biri də yavaş-yavaş yeməkdir. Çünki doyma siqnalı beynə 20 dəqiqə ərzində çatır. Yavaş-yavaş qidalanma həddindən artıq qida qəbulunun qarşısını alır. Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalı hesab olunur. Bayram günlərində fiziki aktivliyin yüksək olması da düzgün və balanslı qidalanmaq qədər vacib və faydalıdır.

"Şüa" restoranında nöqsanlar aşkarlandı
Fiziki şəxs Mikayılov Elvin Vaqif oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 19 ünvanında fəaliyyət göstərən "Şüa" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sanitar-gigiyenik qaydaların gözlənilmədiyi müəssisədə qida məhsullarının saxlanması rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipi pozulmaqla saxlanılan və baytarlıq sənədləri olmayan balıq, toyuq, hindquşu məhsulları müəyyən olunub. Həmçinin soyuq qəlyanaltılar və isti yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, çalışan işçilərin soyunub geyinməsi üç sahənin ayrılmadığı, qida məhsullarının saxlandığı rəflərin korroziyaya uğradığı aşkar olunub. Müəssisədə çalışan işçilərin tibbi müayinədən keçmədən və gigiyenik təlimlərə cəlb edilmədən fəaliyyət göstərməsi kimi bir sıra nöqsanlar qeydə alınıb. Aşkar olunan faktla bağlı inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 3-ü saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.