Şəkəri niyə və necə azaldaq?!
12 Yanvar 2024 11:50
Niyə?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir. Bu çərçivədə hər kəsə şəkəri normaya uyğun qaydada istehlak etmək tövsiyə olunur. Çünki şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində aşağıdakı problemləri yarada bilər:
- Ürək-damar xəstəlikləri;
- ll tip diabet;
- Piylənmə;
- Diş çürüməsi;
- Uşaqlarda diqqət zəifliyi;
- Uşaqlarda allergik reaksiyaların yaranması;
- Yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi;
- İmmun sistemin zəifləməsi;
- Xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması.
Necə?
Mütəxəssislər hesab edirlər ki, aşağıdakı tövsiyələri yerinə yetirməklə istehlak olunan şəkərin miqdarını əsaslı şəkildə azaltmaq mümkündür:
- Məhsulun etiketini oxumaqla və tərkibindəki şəkərin miqdarına diqqət yetirməklə;
- Tərkibində şəkərin miqdarı çox olan, yəni “şəkər” sözü inqrediyent siyahısında birinci və ya sonrakı ilk sıralarda yazılan məhsulları az istehlak etməklə;
- Etiketdə göstərilən şəkərin miqdarının məhsulun 100 mq-ı və ya 100 ml-i üçün verildiyini bilməklə;
- Etiketdə “şəkər” müxtəlif adlarla (qlükoza, fruktoza, dekstroza, maltoza, sirop, qamış şəkəri, qamış suyu, invert şəkər, bəhməz, karamel) göstərilə bildiyi üçün həmin adları yadda saxlamaqla;
- Yemək yeyərkən şəkərli içkiləri qəbul etməməklə;
- Şirin çay içməməklə və ya 1 stəkan çaya 1 çay qaşığından artıq şəkər əlavə etməməklə;
- Qazlı şirinləşdirilmiş içkiləri sadə su ilə əvəzləməklə;
- Bişintilərdə şəkər əvəzinə darçın, muskat qozu, zəncəfil və ya şirinləşdirilməmiş meyvə qurularından istifadə etməklə;
- Dadlandırılmış süd və kokteyl kimi içkilərin sadə növlərini, yəni müxtəlif meyvə konsentratları əlavə olunmamış növlərini seçməklə;
- Meyvə şirəsi qəbul etmək əvəzinə meyvənin bütöv halda yeyilməsinin daha xeyirli olduğunu bilməklə;
- Təbii məhsullara üstünlük verməklə və ultra emal olunmuş məhsulların istehlakını azaltmaqla.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik əlavə şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə olunur. Bu miqdara qablaşdırılmış qidaların tərkibindəki gizli şəkərlər də aid edilir.
Oxşar xəbərlər
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Dövlət Proqramı: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istehsal, emal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə HACCP sisteminin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (HACCP) tətbiqinin sürətləndirilməsidir. Bu yanaşma qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına yönələcək. Tədbirlər Planının 8.4.1-ci bəndinə əsasən, qida müəssisələrində HACCP-a əsaslanan daxili nəzarət sisteminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq, qida müəssisələrinin HACCP-ı tətbiq etməsi üçün təlimlər keçiriləcək. Dövlət Proqramında qarşıya qoyulan əsas nəticə göstəricisinə uyğun olaraq, qida müəssisələrinin 80%-də HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir. HACCP sisteminin geniş tətbiqi qida istehsalı və emalı proseslərində təhlükələrin müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin izlənilməsi və risklərin qabaqlayıcı tədbirlərlə idarə olunması imkanlarını artıracaq.
Giriş