Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTİ Ankarada keçirilən I Beynəlxalq Halal Akkreditasiya Konfransında təmsil olunub
AQTİ Ankarada keçirilən I Beynəlxalq Halal Akkreditasiya Konfransında təmsil olunub

6–8 aprel tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Ticarət Nazirliyi və Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən təşkil olunan “I Beynəlxalq Halal Akkreditasiya Konfransı” keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunu (AQTİ) İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov təmsil edib. Konfrans çərçivəsində halal akkreditasiya sistemlərinin inkişafı, uyğunluğun qiymətləndirilməsi mexanizmləri, beynəlxalq standartların tətbiqi, eləcə də bu sahədə qarşılıqlı tanınma və əməkdaşlıq imkanları müzakirə olunub. Üç gün davam edən konfransın proqramına uyğun olaraq müxtəlif ölkələrin akkreditasiya qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və sahə üzrə mütəxəssislər tərəfindən təqdimatlar keçirilib, panel müzakirələri təşkil olunub. Tədbir çərçivəsində halal akkreditasiya sahəsində mövcud çağırışlar, texniki yanaşmalar və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. AQTİ nümayəndəsi konfrans müddətində beynəlxalq tərəfdaşlarla görüşlər keçirib, Azərbaycan təcrübəsi və ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Eyni zamanda, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və yeni əlaqələrin qurulması istiqamətində addımlar atılıb. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2024-cü ilin oktyabr ayında Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bu akkreditasiya ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sisteminin beynəlxalq tələblərə uyğunluğunu təsdiqləməklə yanaşı, yerli məhsulların ixrac potensialının artırılmasına və qlobal bazarlara çıxış imkanlarının genişlənməsinə töhfə verir. AQTİ-nin bu kimi beynəlxalq platformalarda fəal iştirakı qurumun institusional potensialının gücləndirilməsi, qabaqcıl təcrübələrin ölkəmizə tətbiqi və halal infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin davamlılığını təmin edir.

Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb
Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb. Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb. Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub. Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir. Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.

Qəhvəyi mərmər bağacığının yayılma riskinin azaldılması üçün qabaqlayıcı tədbirlər gücləndirilib
Qəhvəyi mərmər bağacığının yayılma riskinin azaldılması üçün qabaqlayıcı tədbirlər gücləndirilib

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Zərərvericiyə qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Regional Əlaqələndirmə Mərkəzinin iclasında verilmiş tapşırıqlara uyğun olaraq, qış dövründə əlaqəli dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin təşkili təmin edilib. Bu məqsədlə Balakən, Zaqatala və Qax rayonlarında zərərvericinin aşkar edildiyi kəndlər üzrə dövlət orqanları arasında funksional bölgü aparılıb. Hazırda bölgü əsasında qeyd olunan rayonlarda zərərvericinin qışlama yerlərində aparılan monitorinqlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, zərərvericinin müşahidə edildiyi respublikanın digər rayonlarında da analoji monitorinq tədbirləri davam etdirilir. Aprel ayının ortalarına doğru hava temperaturunun yüksəlməsi ilə əlaqədar olaraq qəhvəyi mərmər bağacığının qışlama yerlərini tərk edərək açıq sahələrə və kənd təsərrüfatı bitkilərinə keçməsi ehtimalı artır. Bu səbəbdən zərərvericinin yayılma arealının operativ izlənməsi və kütləvi çoxalmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Zərərvericinin yayılma ehtimalının daha yüksək olduğu ərazilərdə monitorinq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Agentlik tərəfindən 10 min ədəd feromon tələ alınıb. Mövsümə uyğun olaraq, bu tələlərin respublika üzrə mərhələli şəkildə yerləşdirilməsi prosesinə başlanacaq. Bununla yanaşı, əhalinin və fermerlərin məlumatlandırılması məqsədilə geniş maarifləndirmə kampaniyası həyata keçirilib. Kampaniya çərçivəsində maarifləndirici çap materialları hazırlanaraq paylanıb. Bu materiallarda zərərvericinin tanınması, yayılma xüsusiyyətləri və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat təqdim edilib.  Qeyd edək ki, görülən tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq, kənd təsərrüfatı məhsullarının qorunmasını təmin etmək və fermerlərə dəyə biləcək iqtisadi zərərləri minimuma endirməkdir. Bu məqsədlə Agentlik tərəfindən həyata keçirilən tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək və vəziyyətə uyğun olaraq əlavə tədbirlər görüləcək.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb