Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) AZS ISO/IEC 17021-1:2021 standartının tələblərinə uyğun olaraq, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib. Bu akkreditasiya İnstituta AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması fəaliyyətini həyata keçirmək səlahiyyəti verir. AQTİ tərəfindən sözügedən standart üzrə sertifikatlaşdırma prosesi 4 mərhələdən ibarətdir. İlk mərhələdə sahibkar müraciət forması və ərizəni dolduraraq İnstituta təqdim edir. Daha sonra daxil olan müraciət təhlil edilir, sənədlər yoxlanılır və sifarişçiyə qiymət təklifi ilə müqavilə təqdim edilir. AZS ISO 22000:2022 sertifikatlaşdırmasının növbəti mərhələsində müəssisədə tətbiq olunan qida təhlükəsizliyi idarəetmə sistemi yerində qiymətləndirilir, onun effektivliyi və standartın tələblərinə uyğunluğu yoxlanılır. Audit və qiymətləndirmə nəticələrinə əsasən, tələblərə cavab verən müəssisələrə Sertifikatlaşdırma Komitəsinin qərarı ilə 3 il müddətinə uyğunluq sertifikatı təqdim edilir. Sertifikatın qüvvədə olduğu müddətdə illik nəzarət auditləri vasitəsilə sistemin davamlı uyğunluğu təmin edilir. İnstitiut tərəfindən AZS ISO 22000:2022 üzrə sertifikatlaşdırma qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması və dövriyyəsi ilə məşğul olan bütün müəssisələr üçün nəzərdə tutulur. Bu xidmət qida zəncirində iştirak edən müəssisələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, istehlakçı etibarının artmasına və ixrac imkanlarının genişlənməsinə töhfə verir. Sertifikatlaşdırma xidmətləri və prosedurları haqqında daha ətraflı məlumatı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəsmi internet səhifəsindən (afsi.gov.az) əldə etmək mümkündür. Daha ətraflı məlumat üçün link:
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları ilə birgə Ağdərə rayonunun Vəngli, Kolatağ kəndlərində, Xocalı rayonunda, Xanyurdu, Ballıca, Seyidbəyli, Mehdibəyli kəndlərində və Əsgəran qəsəbəsində qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının morfologiyası, yayılma yolları və qarşısını almaq üçün zəruri mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, onlara qəhvəyi mərmər bağacığına dair buklet və maarifləndirici materiallar təqdim edilib. Eyni zamanda yaşayış evlərində, köhnə tikililərdə və binalarda zərərvericinin mövcudluğunu müəyyən etmək məqsədilə monitorinqlər aparılıb.
İstehlakçılara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi üçün qida sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının sanitar-gigiyena qaydalarına riayət etməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə məlumatlılığın artırılması və qida təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi tərəfindən qida sahəsində çalışan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib. Təlimdə “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq işçilərin şəxsi gigiyenası, zərərvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları ilə bağlı ətraflı məlumat verilib. Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onların bilik və bacarıqları dəyərləndirilib. Sonda isə təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb. Məlum olduğu kimi, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu məqsədlə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinə start verilib. Layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur. Geniş ictimaiyyət media və sosial şəbəkələr vasitəsilə kampaniya barədə məlumatlandırılacaq.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kürdəmir rayonu, S.Şıxalıyev küçəsində fəaliyyət göstərən qida məhsullarının satışı bazarında yoxlama keçirib. Baxış zamanı bazarda texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Bazarda qida məhsullarının satışı zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, həmçinin bazarda yerləşən ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin gözlənilmədiyi müəyyən olub. Bazarda süd və süd məhsulları soyuducu avadanlıqlar olmadan, sanitar-gigiyenik tələblərə və temperatur rejiminə əməl edilmədən açıq şəraitdə saxlanılır. Həmçinin müşayiətedici baytarlıq sənədləri mövcud deyil. Həmin sahələrdə çalışan işçilər xüsusi geyim formasından istifadə etmir. Bazarda yerləşən ictimai iaşə obyektində isə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət qənaətbəxş deyil, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işləri aparılmır, qida məhsullarının hazırlanması, mətbəx ləvazimatlarının yuyulması zamanı sanitar-gigiyenik qaydalar gözlənilmir, işçi müvafiq geyim formasından istifadə etmir. Yoxlama zamanı həmçinin aşkar edilib ki, bazarda qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçməsinə dair sənədləri yoxdur. Faktla bağlı bazarın rəhbəri barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək bazar ərazisində yerləşən süd və süd məhsullarının satışı sahəsinin və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Respublikasının xırdabuynuzlu heyvanların taunu (Peste des petits ruminants – PPR) xəstəliyindən azad ölkə statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində xırdabuynuzlu heyvanların taunu xəstəliyinə qarşı nəzarət və biotəhlükəsizlik tədbirləri davamlı olaraq həyata keçirilir. Aparılan epizootoloji nəzarət tədbirləri, monitorinqlər, laborator müayinələr və xəstəliyin ölkə ərazisində qeydə alınmamasını təsdiq edən məlumatlar əsasında hazırlanmış müvafiq hesabat ÜHST-yə təqdim edilib. Hesabat ÜHST-nin 2026-cı ilin fevral ayında keçirilmiş Heyvan Xəstəlikləri üzrə Elmi Komissiyasının iclasında ətraflı qiymətləndirilib və müsbət rəy verilib. Bununla da, Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusunun 2025-ci il üzrə illik təsdiqi həyata keçirilib. Qeyd edək ki, sözügedən statusun saxlanılması ilə bağlı yekun qərarın ÜHST-nin 2026-cı ilin may ayında keçiriləcək Baş Assambleyasında qəbul ediləcək müvafiq qətnamə ilə rəsmiləşdirilməsi nəzərdə tutulur.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Lənkəran, Şəki, Gəncə, Tovuz, İmişli, Ucar, Bərdə) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 2-si saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla martın 19-dək qəbula yazıla bilərlər.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında fəaliyyət göstərən İctimai Şura üzvləri arasında görüş keçirilib. Görüşdə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub. İctimai Şura üzvləri tərəfindən arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud problemlər diqqətə çatdırılıb, bu sahələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Yekunda qərara alınıb ki, bu cür müzakirələr mütəmadi olaraq aparılsın və davamlı xarakter alsın.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İran İslam Respublikasından idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21.200 kq portağal məhsulundan nümunələr götürülüb. Laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 12-si Şirvanda Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) 2026-cı il 6-10 aprel tarixlərində növbəti epizootoloji monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara ümumi baxış keçiriləcək. Vəhşi quşlardan və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Monitorinq müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb ediləcəkdir.
Giriş