Şəkidə fəaliyyət göstərən restoranda yoxlama keçirilib
13 Noyabr 2023 17:12
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki şəhəri B.Vahabzadə küçəsi, Kiş yolunda fəaliyyət göstərən, fiziki şəxs Əliyev Namiq Mabud oğluna məxsus “Bənövşə” restoranında plandankənar yoxlama keçirilib.
Baxış zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə işlərin görülməsinə, xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Qoşqar Təhməzli heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul yanvarın 9-u saat 15:30-da heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. AQTİ-nin Təlim Mərkəzi tərəfindən növbəti təlim sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib. Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Təlimdən sonra iştirakçılar nümunəvi ictimai-iaşə müəssisəsinin fəaliyyəti, o cümlədən orada gigiyena qaydalarına əməl edilməsi vəziyyəti ilə tanış olublar. Qeyd edək ki, qanunvericiliyə əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Bu tələbə əməl edilməməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq və yoxlamalar zamanı uyğunsuzluq kimi qiymətləndirilir. Xatırladaq ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.
AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) media subyektlərinin nümayəndələri üçün növbəti mediatur təşkil edilib. Mediatur çərçivəsində jurnalistlərə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Həmçinin media nümayəndələri ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə məlumatlandırılıb. İnstitutun laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Daha sonra media nümayəndələri AQTİ-nin Nümunələrlə iş şöbəsinə, Kompleks Tədqiqatlar Laboratoriyasına və Mərkəzi Fitosanitar Laboratoriyasına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, nümunələrin qəbulundan başlayaraq laborator analizlər bitənədək olan prosesi izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olublar. Mediatur zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.