Şəkidə şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkar olunub
16 Dekabr 2021 10:37
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları Şəki şəhəri, Sabit Rəhman küçəsi 69 ünvanında yerləşən, Nuhzadə İlqar Məmmədhənifə oğluna məxsus “Nur” şirniyyat istehsalı müəssisəsində planlı yoxlama keçirib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, satışa təqdim olunan şirniyyat məhsullarının üzərində zəruri məlumatların qeyd edilmədiyi, xammal kimi istifadə olunan məhsulların birbaşa istehsal sahəsində saxlanıldığı, həmçinin istehsal sahəsində sobanın üzərində ventilyasiya sisteminin quraşdırılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya, dezinseksiya işlərinin aparılmadığı məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Göyçay rayonunda yerləşən, fiziki şəxs Qəribov Məhəmmədəli Mahmud oğluna məxsus alkoqolsuz içkilərin (limonad) emalı müəssisəsində Agentliyin əməkdaşları plandankənar yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq müvafiq tələblər gözlənilmədən kustar üsulla yuyulub içkilərin qablaşdırılmasında istifadə olunduğu, keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə məhsulların laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında istehsal müəssisəsinin ünvanı barədə yanlış məlumatların qeyd edildiyi məlum olub. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Daha bir şirniyyat emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Hüseyn oğluna məxsus şirniyyat emalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların istehsal sahəsində saxlandığı aşkarlanıb. Satışdan geri qaytarılmış məhsulların (pryaniklər) üyüdülərək yenidən unlu qənnadı məmulatları istehsal edib satışa çıxarıldığı müəyyən olunub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhdudlaşdırıcı tədbirlər görülüb.
Qida təhlükəsizliyi tələblərinə əməl etməyən kafenin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən kafedə Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı kafenin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ tələblərin ciddi şəkildə pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, kafenin fəaliyyəti məhdudlaşdırılıb.