Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq keçirilib
25 May 2026 15:05
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin Şərqi Zəngəzur regional bölməsinin əməkdaşları Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yerləşən meyvə bağlarında fitosanitar monitorinq keçirib.
Monitorinq zamanı fitosanitar müfəttişlər tərəfindən şaftalı, ərik və nektarin bağlarına baxış keçirilib, qəhvəyi mərmər bağacığına qarşı feremon tələlər asılıb. Həmçinin meyvə bağlarında zərərvericilərin təyini və torpaqda olan pestisidlərin qalıq miqdarının, zərərli orqanizmlərin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyalarına təqdim edilib.
Eyni zamanda təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.
Oxşar xəbərlər
Gülçülük sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən gülçülük və dekorativ bitkiçilik sahəsində fəaliyyət göstərən istehsalçılar və ixracatçılarla görüş keçirilib. Görüşdə sahənin mövcud vəziyyəti, ixrac potensialının artırılması, beynəlxalq bazarlara çıxış imkanları və fitosanitar təhlükəsizlik məsələləri müzakirə olunub. Bildirilib ki, məhsulların beynəlxalq bazarlara təhlükəsiz və rəqabətqabiliyyətli formada çıxarılması üçün fitosanitar tələblərə uyğunluğun təmin edilməsi əsas prioritetlərdən biridir. Görüş çərçivəsində istehsal və ixrac prosesində rast gəlinən problemlər, idxalçı ölkələrin fitosanitar tələbləri, məhsulların sertifikatlaşdırılması, zərərvericilərə qarşı mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar tərəfindən sahənin inkişafı ilə bağlı təkliflər səsləndirilib, mövcud çətinliklər diqqətə çatdırılıb və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb. Sonda Agentlik tərəfindən sahibkarlarla bu formatda görüşlərin davam etdiriləcəyi, ixrac potensialının artırılması və yerli məhsulların beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi bildirilib.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 4-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla iyunun 3-ü saat 16:00-dək qəbula yazıla bilərlər.
AQTA Qurban bayramı ilə bağlı jurnalistlər üçün infotur təşkil edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. İnfoturun məqsədi bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaq olub. “Azmeat” müəssisəsində keçirilən infotur zamanı jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib. Bildirilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması həm müəssisədə çalışan işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, işçi heyəti xüsusi təmiz geyimlə təmin edilməli, istifadə olunan alətlər mütəmadi olaraq dezinfeksiya olunmalı, tullantılar isə sanitariya-gigiyena tələblərinə uyğun şəkildə toplanaraq vaxtında ərazidən uzaqlaşdırılmalıdır. İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına da baxış keçirilib. Vurğulanıb ki, bu laboratoriyalar çadır tipli kəsim məntəqələrində fəaliyyət göstərəcək. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş