Şimal-qərb və qərb regionlarında Qəhvəyi mərmər bağacığının aşkarlanma halları artıb
10 Oktyabr 2024 10:50
Ölkə ərazisində həyata keçirilən fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə Qəhvəyi mərmər bağacığı aşkarlanıb. Belə ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən Qəhvəyi mərmər bağacığı Zaqatala, Balakən və sair rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilməkdədir. Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.
Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır. Yetkin fərdlərin təbii yolla (uçaraq) yayılması da məlumdur.
Zərərverici yetkin fərd mərhələsində qrup halında qışlayır və qışlama yeri kimi insanların yaşadığı binalara və digər tikililərdəki sığınacaqlara üstünlük verir, əsasən də tikililərin qaranlıq və yuxarı hissələrində toplaşırlar. Havanın temperaturu və günün uzunluğu zərərvericinin qışlamadan çıxmasına təsir edən başlıca amillərdir. Belə ki, havanın temperaturu +15 °C-dən yuxarı olduqda, yetkin fərdlərin qışlama yerlərindən çıxması, +17 °C-dən çox olduqda isə aktiv qidalanmağa başlaması məlumdur. Zərərvericinin qışlama yerlərini maksimum azaltmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə təmizləmə işləri aparılmalı, yetkin fərdlərin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr xırdagözlü torla bağlanmalıdır.
Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri çərçivəsində qonşu ölkələrdən Azərbaycana yük daşıyan nəqliyyat vasitələri sərhəd-keçid məntəqələrində ayrılmış xüsusi sahələrdə dezinfeksiya olunur. Həmçinin sürücülər Qəhvəyi mərmər bağacığı və dezinfeksiya ilə bağlı əməl edilməli olan qaydalar barədə məlumatlandırılır. Eyni zamanda ölkəmizin şimal-qərb və qərb rayonlarında müşahidə edilən zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə monitorinqlər keçirilir, maarifləndirmə işləri aparılır. Bağacığın aşkar olunduğu bölgələrdə yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Bundan başqa, Qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər yerli əhali arasında paylanır, müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır.
“Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)
Oxşar xəbərlər
AQTA-nın kollektivi anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib
Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Anım günü ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Fəxri xiyabanı ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - Video/Foto
Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar da yaxından iştirak edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək. Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə rekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir. Bərdə heyvan bazarından videolink:
Bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatının verilməsi qaydasında dəyişiklik edilib
Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 373 nömrəli Qərarı ilə bir sıra qaydalar təsdiq olunub. Qərarda bitki və bitkiçilik məhsullarının Azərbaycan Respublikasının bir ərazisindən başqa əraziyə daşınan zaman daxili karantin sertifikatının verilməsi qaydası müəyyənləşib. Habelə ixrac (təkrar ixrac) edilən bitki və bitkiçilik məhsullarına (yüklərə) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydası müəyyən edilib. Tələb olunan sənədlər, ixrac ediləcək yükün daşınması üçün istifadə edilən taxta qablaşdırma materiallarına qoyulan tələblər, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsindən imtina halları, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının nümunəvi formaları Qərarda göstərilib. Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin ölkə daxilində daha geniş ərazidə yayılmasının qarşısının alınması, mübarizə işlərinin operativ və effektiv təşkili, bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqinin təmin olunmasına şərait yaradacaq.
Giriş