Şirin yalan, yoxsa acı həqiqət?
15 Yanvar 2024 17:09
Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların keyfiyyəti ilə müəyyənləşir. Şəkər istehlakını azaldıb-azaltmamağımızla bağlı verəcəyimiz qərar da şəkərli qidaların sağlamlığımıza göstərdiyi təsirlər barədə düzgün, etibarlı və elmi məlumatlara əsaslanmalıdır. Ona görə də, bu məqalədə şəkər barədə mifləri və həqiqətlərin əks olunduğu faktları təhlil edəcəyik.
Mif 1: Şəkərin bütün növləri zərərlidir
Fakt: Şəkərin qlükoza, fruktoza (meyvə şəkəri), saxaroza (şəkər tozu və ya qənd), laktoza (süd şəkəri) və digər növləri var. Onlardan bəziləri meyvə-tərəvəz, bal, bəhməz və digər qidaların tərkibində təbii olaraq mövcuddur. Bunlar orqanizmə vitamin, mineral və liflərlə birlikdə daxil olduğu üçün normada qəbul edildikdə yalnız fayda verir. Təbii olmayan, qidalara sonradan qatılan şəkərlər isə əlavə kaloridən başqa bir şey deyil.
Mif 2: Şəkər rasiondan tamamilə çıxarılmalıdır
Fakt: Əlavə şəkərləri məhdudlaşdırmaq faydalı olsa da, şəkərdən tamamilə imtina etmək düzgün sayıla bilməz. Çünki meyvə-tərəvəzlərdəki və dənli bitkilərdəki təbii şəkərlər sağlam qidalanmanın bir hissəsidir. Ona görə də, rasiondan təbii şəkərlər deyil, əlavə şəkərlər çıxarılmalıdır.
Mif 3: Qəhvəyi şəkər ağ şəkərdən daha az zərərlidir
Fakt: Qəhvəyi şəkər də ağ şəkər kimi şəkər qamışından əldə olunur və ağ şəkərdən sadəcə dadı və teksturasına görə fərqlənir. Yəni hər ikisi saxarozadır və eyni dərəcədə kalorilidir. Qəhvəyi şəkər rafinə edilmədiyi üçün tərkibində qalan bəhməzdəki vitamin və mikroelementlər orqanizm üçün faydalı ola bilər. Lakin bu, o qədər cüzidir ki, həmin faydalı maddələrin orqanizm üçün lazım olan miqdarda qəbul edilməsi üçün çox miqdarda qəhvəyi şəkərdən istifadə olunmalıdır. Bu isə müsbətdən çox mənfi nəticələr verə bilər.
Mif 4: Şəkər yaddaşı gücləndirir
Fakt: Bəzi insanlar səhər yeməyi zamanı şirin çay qəbul etmənin yaddaşı möhkəmləndirməsinə inanırlar. Əslində isə şirin çayın orqanizmə heç bir faydası yoxdur və acqarına səhər vaxtı qəbul edilməsi qısa zamanda qanda şəkərin miqdarını artırır. Bununla da mədəaltı vəzi və qaraciyərə mənfi təsir göstərir.
Mif 5: Şəkər bizi enerji ilə təmin edir
Fakt: İnsanlar arasında geniş yayılmış digər mif şəkərin orqanizmi tez bir zamanda enerji ilə təmin etməsidir. Bu inanc, xüsusilə yorğun vaxtlarda sürətli enerji artırıcı kimi şəkərli qəlyanaltıların, eləcə də enerji və digər şirinləşdirilmiş içkilərin populyarlaşmasına səbəb olub. Şəkər sürətli enerji artımını təmin etsə də, bu qısamüddətli olur və tez bir zamanda yenidən yorğunluq hiss olunmağa başlayır. Buna görə də, insanlar daim enerjili olmaq düşüncəsi ilə daha çox şəkərli qidalar istehlak edirlər. Bu hal da qapalı dairə yaradır.
Şəkərlə bağlı yayılan mif və faktların ayırd olunması daha sağlam qidalanma seçimləri etməyimiz üçün vacibdir. Şəkəri hansı qidalardan və hansı miqdarda qəbul etməyimiz öz əlimizdədir. Sağlamlığımız naminə qəbul etdiyimiz hər qram şəkəri məsuliyyətlə seçək ki, həyatımız şirin olmaqla yanaşı, həm də sağlam olsun.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş