Şirniyyat emalı müəssisəsində nöqsanlar aşkarlandı
30 Yanvar 2025 15:36
Bakı şəhərinin Sabunçu rayonunda fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Məmməd Ədnan oğluna məxsus şirniyyat emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı məlum olub.
Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal zamanı istehlaka yararsız məhsullardan istifadə olunduğu aşkarlanıb.
Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşa Respublikasının Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviya Dövlətinin Zəviyə dairəsində dabaq, Nigeriya Federativ Respublikasının Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Fevralın 21-də Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
Fevralın 21-i saat 14:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 20-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər. Ünvan: Ağstafa rayon Heydər Əliyev Mərkəzi
Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
Ölkəmizə səfər edən Dünya Bankının nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və qida təcrübəsi üzrə meneceri Holger Krayın rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Həmçinin qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Görüşdə, həmçinin iki qurum arasında əməkdaşlıq məsələləri və mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb. Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.