Süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
13 İyun 2023 15:11








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 84 ünvanında fəaliyyət göstərən “Amal” firmasına məxsus süd məhsullarının emalı müəssisəsində planlı yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, qida obyektində texnoloji ardıcıllıq proseslərinə, mayaların saxlanma temperaturuna, mal qonşuluğu və etiket qaydalarına riayət olunmadığı, qəbul edilən təbii südün fiziki-kimyəvi göstəricilərinin yoxlanılmasının və qeydiyyatının aparılmadığı aşkarlanıb. Həmçinin mexaniki havalandırma sistemlərinin təşkil olunmadığı, işçi masaların, qazanların və qablaşdırma avadanlığının korroziyaya uğradığı, yuyucu maddələrin və dezinfeksiya vasitələrinin saxlanılması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi məlum olub. Müəssisədə çalışan işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları və xüsusi geyimlə təmin olunmadığı aşkarlanıb. Eyni zamanda, işçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsinə dair arayış və dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasına dair sənəd yoxlamaya təqdim edilməyib.
Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
