Suraxanı rayonunda fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
4 Aprel 2024 16:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Aşıq Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən alkoqolsuz içkilərin emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, məhsulların etiketlənməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı məlum olub. Eyni zamanda şadlıq saraylarından geri yığılmış butulkaların yuyulduqdan sonra istifadə olunduğu müəyyən edilib. Sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən məhsulun göstəricilərinin texniki normativ hüquqi sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər

ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
Azərbaycan Neft və Sənaye Universitetinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, qida zəncirinin bütün mərhələlərində nəzarət mexanizmlərinin qurulması, bununla da əhalinin təhlükəsiz və sağlam qida ilə təmin edilməsi Agentliyin başlıca məqsədilərindən biridir. Tələbələrə Agentliyin strukturu, işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində müasir standartlara uyğun qurulan laboratoriyaların ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rolu vurğulanıb. Görüş zamanı “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. Qeyd olunub ki, bu günə qədər 2300 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 550 nəfər seçilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən görüşdə tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb. Sonda Universitetin rəhbər və müəllim heyəti ilə görüş keçirilib, əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Arı xəstəlikləri üzrə monitorinqlər həyata keçirilir
İnfeksion və invaziyon arı xəstəlikləri üzrə epizootoloji monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı arıxanalara klinik baxış keçirilib, diaqnostik nümunələr götürülərək akarapidoz, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, bal arılarının tropilelap gənələri və varroatoz xəstəliklərinə görə seroloji müayinələr aparılıb. 2024-ci ildə respublikanın 52 şəhər və rayonuna aid 151 kənd və qəsəbəsində 563 arıçılıq təsərrüfatında mövcud olan 11540 arı ailəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində xəstəlik və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. 2025-ci ilin fevral-aprel ayları ərzində isə aparılan monitorinqlər zamanı Gəncə-Daşkəsən iqtisadi rayonunda 55 nümunədə, Şəki-Zaqatala iqtisadi rayonunda isə 14 nümunədə parazitar xəstəlik olan nozematoz xəstəliyinin törədicisinə rast gəlinib. Monitorinqlər çərçivəsində təsərrüfat sahiblərinə aidiyyəti təlimatlar verilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçirilib və qanunvericiliyin tələbləri izah olunub.

AQTA əməkdaşı Cenevrədə beynəlxalq tədbirdə iştirak edib
İsveçrənin Cenevrə şəhərində “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası (SC COP-12), “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası (BC COP-17) və “Pestisidlər və təhlükəli kimyəvi maddələrin beynəlxalq ticarətinə dair” Rotterdam Konvensiyası (RC COP-12) üzrə Tərəflərin birgə Konfransları keçirilib. Kimyəvi maddələrin və tullantıların təhlükəsiz idarə olunması, insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi məqsədi ilə keçirilən beynəlxalq tədbirdə ölkəmizin nümayəndə heyətinin tərkibində Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Cavidan Quliyev də olub. Konfrans çərçivəsində ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və bioloji müxtəliflik kimi qlobal çağırışlar müzakirə olunub, bir sıra mühüm qərarlar qəbul edilib.