Təhsil müəssisələrində sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir
27 Aprel 2026 10:21
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən “Təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Tədbirlərdən biri Füzuli Rayon İcra Hakimiyyətində təşkil olunub. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, körpələr evi-uşaq bağçalarının və ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Maarifləndirici görüş Füzuli Rayon Musiqi Təmayüllü Uşaq Gimnaziyasında davam etdirilib.
Agentliyin əməkdaşları sağlam gələcək naminə uşaqların düzgün və balanslı qidalanması, hərtərəfli inkişafı ilə bağlı geniş məlumat veriblər. Bildirilib ki, təhsil müəssisələrində qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, təhlükəsiz qidalanmanın təmin olunması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirlərdə həmçinin uşaqların gündəlik qida rasionunun düzgün qurulması, qidaların saxlanması və istifadə qaydaları, sanitar-gigiyena tələblərinə riayət olunmasının vacibliyi barədə təqdimatlar olub, iştirakçılara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Sonda iştirakçılara qida təhlükəsizliyi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə bağlı suallar yarandıqda Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib.
Oxşar xəbərlər
Narşərab emalı müəssisəsində yoxlama keçirilib
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərli Anar Həbib oğluna məxsus narşərab emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
“AQTA hara baxır?” – yeni maarifləndirici layihəyə start verilib – Video
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qurumun fəaliyyət istiqamətlərinin ictimaiyyətə daha yaxından təqdim olunması məqsədilə “AQTA hara baxır?” adlı yeni layihəyə start verilib. Layihə çərçivəsində qida zəncirinin bütün mərhələlərində – tarladan və ya fermadan süfrəyədək həyata keçirilən nəzarət tədbirləri, aşkarlanan nöqsanlar və görülən tədbirlər barədə məlumatlar istehlakçıların diqqətinə çatdırılacaq. Məqsəd istehlakçıların məlumatlılığını artırmaqla yanaşı, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin şəffaf şəkildə təqdim edilməsidir. Layihənin ilk buraxılışı son dövrlərdə geniş ictimai müzakirələrə səbəb olan “dəvə qutabı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında aparılan müzakirələr əsasən məhsulların tərkibinin həqiqətən də dəvə ətindən ibarət olub-olmaması və istehlakçıların düzgün məlumatlandırılması məsələlərini əhatə edir. Daha ətraflı linkdən tanış ola bilərsiniz:
Alça təsərrüfatlarında aparılan monitorinqlər zamanı zərərli orqanizm aşkarlanmayıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər il təsərrüfat sahələrində və meyvə bağlarında fitosanitar vəziyyətin qiymətləndirilməsi, zərərli orqanizmlərin vaxtında aşkarlanması və risklərin minimuma endirilməsi məqsədilə “Milli Monitorinq Planı” hazırlanır. Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən ölkənin müxtəlif bölgələrindəki bitkiçilik təsərrüfatlarında, o cümlədən alça bağlarında mütəmadi monitorinqlər aparılır, bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı təhlil olunur. Monitorinqlər zamanı karantin tətbiq edilən, habelə məhsuldarlığa təhlükə törədən digər zərərli orqanizmlər aşkar edildiyi halda, dərhal zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərarlar qəbul edilir və aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə onların icrası təmin olunur. 2026-cı ildə alça təsərrüfatlarında mövsümün yeni başlaması ilə əlaqədar monitorinqlərə başlanılıb və sahələrdə mütəmadi müşahidələr aparılır. Bugünədək aparılan ilkin müşahidələr və toplanmış məlumatlar əsasında hazırkı mərhələdə hər hansı zərərli orqanizm aşkarlanmayıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş